Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İdarə Heyətinin sədr müavini Fərid Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına işgüzar səfər edib.

Foodinfo.az-ın məlumatına görə, səfər Azərbaycanda 3-cü səviyyə biotəhlükəsizlik laboratoriyasının və vivarium kompleksinin yaradılması ilə əlaqədar bu sahə üzrə Türkiyə təcrübəsini öyrənmək məqsədilə həyata keçirilib.

Səfər çərçivəsində nümayəndə heyətinin Türkiyənin İzmir şəhərində bu ölkənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Bornova Baytarlıq Nəzarəti İnstitutuna, Ankarada GLP (Good Laboratory Practice - Yaxşı Laboratoriya Təcrübəsi) standartlarının tətbiq olunduğu "Kobay” Sınaq Heyvanları Laboratoriyasına, İstanbulda “Alptek Technology” layihələndirmə şirkətinə və digər aidiyyəti qurumlara getməsi planlaşdırılıb. AQTİ-nin nümayəndə heyətinin vivariumlara baxış keçirməsi, eləcə də laboratoriyaların iş prinsipləri və müvafiq binaların layihə sənədləri ilə tanış olması nəzərdə tutulub.

Səfər zamanı həmçinin nümayəndə heyətinin Türkiyənin müvafiq qurumlarında görüşlər keçirməsi, eyni zamanda iki ölkənin aidiyyəti təşkilatları arasında əməkdaşlığın perspektivləri, respublikamızda 3-cü səviyyə biotəhlükəsizlik laboratoriyasının və vivarium kompleksinin yaradılması, təcrübə mübadiləsinin aparılması və digər məsələlər ətrafında müzakirələr aparması planlaşdırılıb.