Bakıda “İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO)/Qərbi Avrasiya ölkələri üçün xırdabuynuzlu heyvanların taunu xəstəliyinə dair planın məsləhətləşməsi və dabaq üzrə yol xəritəsi” mövzusunda beynəlxalq tədbir başlayıb.
Foodinfo.az xəbər verir ki, 25-27 aprel tarixlərini əhatə edən tədbir Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Ümümdunya Heyvan Sağlamlığı Təşkilatı (WOAH), Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) təşkilatçılığı ilə keçirilir.
Xırdabuynuzlu heyvanların taunu xəstəliyinə (PPR) və dabaqa dair regional məsləhətləşmənin məqsədi PPR və dabaq üzrə fəaliyyət planını və onun əsas elementlərini təqdim etmək, həmçinin ECO regionunda PPR-nin aradan qaldırılmasında irəliləyişə nail olmaq üçün prioritet addımları və yanaşmaları müəyyən etməkdən ibarətdir.
Tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Gürcüstan, Suriya, İran və İraqdan olan nümayəndələr iştirak edir.
Tədbirdə çıxış edən AQTA sədri Qoşqar Təhməzli bildirib ki, son 5 ildə WOAH, FAO və digər beynəlxalq təşkilatların çağırışlarına qoşulmaqla “Xırdabuynuzlu heyvanlar arasında taun xəstəliyinə nəzarət və xəstəliyin aradan qaldırılması üzrə Qlobal Strategiya”ya uyğun olaraq, ökəmiz bu xəstəlikdən azad olmanın təsdiqlənməsi əzmindədir və bu istiqamətdə fəaliyyətlər məqsədyönlü şəkildə davam edir. Q.Təhməzli eyni zamanda vurğulayıb ki, heyvan mənşəli məhsulların beynəlxalq dövriyyəsində ən çox maneə yaradan xəstəliklərdən biri dabaqdır. Buna görə də, respublikamız də daxil olmaqla, bölgədə qeyri-stabil epizootik status daşıdığı nəzərə alınaraq, regional əməkdaşlıq mexanizmləri tətbiq edilməklə dabağın ləğvi və bu xəstəliyə davamlı nəzarətin təmin olunması hədəflərdən biri kimi müəyyənləşdirilib. “Dabaq xəstəliyi ilə mərhələli mübarizə planı” üzrə fəaliyyət davam etdirilir. AQTA sədri həmçinin nəzərə çatdırıb ki, bu iki xəstəliklə yanaşı, bölgədə ciddi təhlükə törədən xəstəliklərdən biri də quduzluqdur. Bu il region ölkələri arasında ilk dəfə Azərbaycanda aviasiyadan istifadə olunmaqla, vəhşi heyvanların aldadıcı yem vasitəsilə peyvəndlənməsi həyata keçirilib və bu istiqamətdə tədbirlər davam etdiriləcək. Q.Təhməzli problemin həllinə regional yanaşma tətbiq olunmaqla, birgə tədqiqatların aparılmasını və mübarizə tədbirlərinin uyğunlaşdırılmasını təklif edib. Eləcə də tədbir iştirakçılarının bu sahəyə diqqət yetirməsinin vacibliyini önə çəkib.
Tədbirdə həmçinin bildirilib ki, AQTA-nın fəaliyyət göstərdiyi dövr ərzində ölkəmizdə ilk dəfə olaraq heyvanların identikləşdirilməsinə başlanılıb. Yüksək patogen quş qripi, dabaq və quduzluq kimi xüsusi təhlükəli xəstəliklər üzrə böhran vəziyyətinin idarə edilməsi üçün aidiyyəti qurumlarla birlikdə mütəmadi qaydada simulyasiya təlimləri keçirilir. Bu dövrdə baytarlıq nəzarətində olan yüklərin ixracı ilə bağlı ciddi uğurlar əldə edilib. Artıq Avropa İttifaqına üzv ölkələrə qurbağa ayaqlarının, ilbiz, yun, dəri kimi heyvan mənşəli məhsullarının göndərilməsi təmin olunub, Qazaxıstana atların ixracındakı maneələr aradan qaldırılıb. Agentlik tərəfindən baytarlıq preparatlarının qeydiyyatı və idxalı prosedurları, baytarlıq müşahidəedici sənədlərinin verilməsi prosesləri və ölkədə fərdi baytarlıq xidməti ilə məşğul olmaq istəyən fiziki şəxslərin uçota alınması elektronlaşdırılıb. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nəzdindəki, o cümlədən heyvan sağlamlının təmin olunması və baytarlıq nəzarətinin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərən laboratoriyalar uğurlu nəticələr əldə edib. WOAH tərəfindən Azərbaycanda baytarlıq sistemlərinin qiymətləndirilməsi missiyası həyata keçirilib və ölkəmizdə bu sistemin inkişafı müsbət xarakterizə olunub.
Qeyd edək ki, tədbirdə beynəlxalq və regional təşkilatlar tərəfindən dabaq və xırdabuynuzlu heyvanların taunu xəstəliklərinin qlobal və regional perspektivlərinə dair məlumatlar, həmçinin hər bir təşkilatın təklif edə biləcəyi mümkün dəstək təqdim olunacaq.