Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin sağlamlığının qorunması və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.
Foodinfo.az-ın məlumatına görə, Agentliyin müfəttişləri tərəfindən Gəncə, Naftalan şəhərləri və Göygöl, Daşkəsən, Goranboy, Samux rayonlarında fəaliyyət göstərən 42 baytarlıq aptekində monitorinq aparılıb. Yoxlama zamanı 32 adda istifadə müddəti bitmiş, 3 adda etiket məlumatları göstəricilərinə uyğun olmayan, 6 adda saxlanma şəraiti və temperatur rejiminə əməl edilməyən baytarlıq preparatı aşkar edilib. Aşkar olunmuş nöqsanlarla bağlı aptek sahiblərinə icrası məcburi göstərişlər verilib və istifadəyə yararsız preparatlar məhv edilib.
AQTA sahibkarları öz fəaliyyətlərini qanunvericilik çərçivəsində həyata keçirməyə və təhlükəsizlik tədbirlərinə əməl etməyə çağırır.
[gallery ids="52749,52750,52751"]