Bitki və bitkiçilik məhsullarından nümunə üçün zərərvericilərin toplanması zamanı canlı böcəklərin yığılması müvafiq tələblərə uyğun həyata keçirilir.

Foodinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq olunan “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”a əsasən, fitosanitar karantin baxışı keçirilən yüklərdə bədəninin uzunluğu 0,5 sm-dən çox olmayan böcəkləri toplamaq üçün hərəkət edən böcəyin qarşısına ağzı açıq sınaq şüşəsi yerləşdirirlər ki, o sınaq şüşəsinin içinə düşsün və ya sürünsün. Onu talaşa, kağız parçası və ya neştər ucu ilə itələyərək sınaq şüşəsinin içərisinə girməsinə kömək edilir.

Sürətlə qaçan və ya uça bilən böcəkləri toplamaq üçün onun üzərini sınaq şüşəsi ilə qapamaq lazımdır. Böcək hərəkət edərək sınaq şüşəsinin dibinə çatdıqda, sınaq şüşəsinin ağzı pambıq tıxacla bağlanmalıdır. Sürətli hərəkət edə bilən kiçik böcəkləri və digər kiçik zərərvericiləri aspiratorla toplamaq lazımdır. Aspiratorların iş prinsipinə əsasən, zərərvericilər güclü hava axını ilə çıxa bilməyəcəkləri rezervuara sorulur. Onları aspiratordan morilkaya (öldürücü kameraya) və ya sınaq şüşəsinə yerləşdirmək lazımdır.