Bitki və bitkiçilik məhsullarından nümunə üçün zərərvericilərin toplanması zamanı canlı böcək sürfələrinin toplanması müvafiq tələblərə uyğun həyata keçirilir. Belə ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq olunan “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”a əsasən, unyeyən, dənyeyən, dəriyeyən və s. böcəklərin sürfələrinin yığılması zamanı onların hərəkət yolunun qarşısına ağzı açıq sınaq şüşəsi yerləşdirilir. Sonra sürfəni talaşa, kağız parçası və ya neştər ucu ilə itələyərək sınaq şüşəsinin içərisinə düşməsinə və ya sınaq şüşəsinin içərisinə sürünüb girməsinə kömək edilir. Canlı böcək sürfələrini aspiratorla yığmaq isə olmaz. 

Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, böcək sürfələrinin sürfə qabıqlarının toplanması da müvafiq tələblərə uyğun həyata keçirilir. Belə ki, zərərvericilərin növlərinin müəyyən edilməsi üçün böcək sürfələrinin sürfə qabıqlarının aşkarlanması lazımdır. Misal olaraq, müəyyən yükün kapra böcəyinə yoluxmasını yükdə aşkar edilmiş Trogoderma növünə aid böcək sürfələrinin qabıqlarına əsasən müəyyən etmək mümkündür. Aşkar edilmiş qabıqlar ehtiyatla toplanmalı, zədələnməməli və qabığın baş hissəsi itirilməməlidir.