Ət satışı müəssisəsi fərdi inşa edilmiş ayrı tikilidə, binaların ayrıca girişi olan qeyri-yaşayış sahəsində (zirzəmi və yarımzirzəmi istisna olmaqla), həmçinin ticarət obyektlərində müvafiq tələblərə cavab verən xüsusi ayrılmış yerlərdə yerləşə bilər.
Foodinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq edilən “Ət satışı müəssisələrinin fəaliyyətinə dair baytarlıq-sanitariya normaları və qaydaları”na əsasən, müəssisə bir otaqdan (ticarət zalından) ibarət olduğu təqdirdə, onun sahəsi şərti olaraq 3 bölməyə ayrılır. Bunlar ətin doğranması və işlənməsi, ətin çeşidlənməsi və qablaşdırılması və ət satış (vitrin) bölməsidir.
Sənədə əsasən, müəssisə yaşayış binasının altında yerləşdiyi halda ət və ət məhsullarının qəbul edilməsi üçün əlavə giriş qapısı olmalıdır. Həmçinin ət satışı müəssisəsinin divarları, tavanı, döşəməsi, pəncərələri, qapıları yuyulabilən və dezinfeksiyaedici məhlulların təsirinə davamlı materialdan olmalıdır. Müəssisə daxilində örtük materiallarında qüsur (qırıqlar, çatlar və s.) aşkarlandıqda, dərhal təmir olunmalıdır. Müəssisənin kanalizasiya xəttindəki drenaj sistemi ətin doğranması və satış bölməsindən aralıda yerləşməli, zərərvericilərin, pis qoxu və çirkab suların kanalizasiyadan geriyə doğru hərəkətini məhdudlaşdıracaq şəkildə quraşdırılmalıdır.
Eləcə də müəssisənin işçi heyəti üçün nəzərdə tutulmuş sanitar qovşaq otağı (olduğu təqdirdə) aşağıdakılarla təchiz olunmalıdır:
- bağlanan qapılar;
- sanitar qovşaq;
- əlləri yumaq və dezinfeksiya etmək üçün vasitələr, çanaq, quruducu qurğu və ya birdəfəlik dəsmallar, asılqanlar;
- giriş qapısının ağzında ayaqqabıların dezinfeksiya edilməsi məqsədi ilə qoyulan dezinfeksiyaedici örtük.
Müəssisənin daxilində kondisionerlər quraşdırılmalı və ilin müxtəlif fəsillərində havanın temperatur və nəmlik rejimi nizamlanmalıdır. Eyni zamanda təbii və süni işıqlandırılma təmin edilməlidir. Süni işıqlandırma cihazları insanın görmə qabiliyyətinə mənfi təsir göstərməyən qoruyucu örtüklə təmin olunmalıdır. Müəssisədə istilik, su, kanalizasiya, təbii və mexaniki havalandırma sistemləri, həmçinin yanğın təhlükəsizlik siqnalı quraşdırılmalıdır.