Ət satışı müəssisəsində yalnız baytarlıq-sanitariya ekspertizasından keçmiş ət və ət məhsullarının satışına icazə verilir.
Foodinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq olunan ”Ət satışı müəssisələrinin fəaliyyətinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda bildirilir ki, müəssisədə qida təhlükəsizliyi tələblərinə cavab verməyən və yararlılıq müddəti bitmiş ət və ət məhsullarının satışına yol verilmir. Eyni zamanda qablaşdırılmış ət məhsulları üzərindəki etiketdə məhsulun istehsalı və son istifadə tarixi və ya yararlılıq müddəti göstərilməlidir. Həmçinin müəssisədə ət və ət məhsullarının satış üçün davamlı, təmiz, quru, qoxusuz və ətraf mühitə mənfi təsiri az olan alternativ qablaşdırma materiallarından (parça, kağız) və ya qalınlığı 15 mikrondan yuxarı olan plastik torbalardan istifadə olunmalıdır.
Sənədə əsasən, satış müddətində donu açıldıqdan sonra təkrar dondurulmuş ət və ət məhsullarının satışı qadağandır. Müəssisədə ət və ət məhsullarından başqa qeyri-ərzaq məhsullarının satışı isə yolverilməzdir.