Heyvan və quş kəsimi məntəqələrində havalandırma sistemi tavanda və divarlarda buxar əmələ gəlməsinin və hava axınının çirkli ərazidən təmiz əraziyə doğru hərəkət etməsinin qarşısını alacaq şəkildə quraşdırılmalıdır.
Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq edilən “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda bildirilir. Sənədə əsasən, quraşdırılmış havalandırma sisteminin filtr və digər hissələrinin təmizlənməsi və ya dəyişdirilməsi asan olmalıdır. Həmçinin filtrlər avadanlığın istifadə təlimatına uyğun olaraq vaxtlı-vaxtında yenilənməlidir. Havalandırma qurğuları heyvan və quş kəsimi icra edilən, heyvan mənşəli qida məhsulları saxlanılan yerlərin birbaşa üzərində yerləşdirilməməlidir.