Kəsim məntəqələrində heyvan və ya quş kəsimi müvafiq mərhələlər üzrə həyata keçirilir. Foodinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq olunan “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nın “Kəsimin mərhələləri və kəsim və ilkin emal prosesinə dair baytarlıq-sanitariya normaları və qaydaları” bölməsinə əsasən, bu mərhələlərə ilk olaraq, stress amilləri yaratmadan (heyvanların və ya quşların sıx yerləşdirilməsi, vurulması, döyülməsi, onlara işgəncə və ya əzab verilməsi kimi hallar olmadan) heyvanların və ya quşların hərəkətinin məhdudlaşdırılması və kəsilərək qansızlaşdırma prosesinin icra olunması daxildir.
Cəmdəyin tam şəkildə qansızlaşdırılmasını təmin etmək (qida və texniki emal üçün qanın toplanması) və heyvanların (donuz istisna olmaqla) dərisinin soyulması, quşların qaynar su ilə pörtlədilməsi və tüklərin təmizlənməsi, eləcə də dərinin təmizlənməsi (donuzlarda) məqsədi ilə texniki tədbirlərin həyata keçirilməsi də bu mərhələlərə aiddir. Cəmdəyin qanla və ya digər kontaminantlarla çirklənməsinin qarşısının alınması məqsədi ilə texnoloji üsulların tətbiq edilməsi, həmçinin içalatın və mədə-bağırsaq traktının çıxarılması, cəmdəyin hissələrə bölünməsi və doğranması da kəsimin mərhələlərindəndir.
Baytarlıq-sanitariya ekspertizasının nəticələrinə əsasən dövlət baytarlıq müfəttişi tərəfindən ekspertiza aktının verilməsi və ya cəmdək və ya onun hissələrində, həmçinin dəridə müvafiq baytarlıq nişanlamasının həyata keçirilməsi də kəsimin mərhələlərinə aiddir.