Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq olunan “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”na əsasən, iri və xırdabuynuzlu heyvanların kəsim məntəqələri aşağıda göstərilən bölmələrdən ibarət olmalıdır:

- Kəsimdən qabaq saxlanma bölməsi-bu bölmədə kəsimə gətirilmiş heyvanların saxlanması ilə yanaşı, izolyator da təşkil edilir;

- Kəsim bölməsi - bu bölmə “çirkli zona” (qanın axıdılması, dərinin soyulması) ilə “təmiz zona”nın (daxili orqanların çıxarılması, cəmdəyin parçalanması) ayrıldığı bölmədir. Burada su ilə yuyula bilən tullantıların axıdılıb təmizlənməsi üçün münasib şərait yaradılır;

- Toplanma bölməsi - bu bölmədə təyinatından asılı olaraq sub məhsullar və heyvan mənşəli əlavə məhsullar ayrı şəkildə toplanılır; 

- Bağırsaqların təmizlənmə bölməsi – bu bölmədə kəsilən heyvanların mədə-bağırsaq traktının möhtəviyyatdan təmizlənməsi işləri həyata keçirilir;

- Ət doğranması və qablaşdırılması bölməsi – bu bölmədə heyvan cəmdəklərinin və sub məhsullarının ayrı-ayrı hissələrə bölünməsi, doğranması və qablaşdırılması həyata keçirilir; 

- Ətin soyudulması bölməsi - bu bölmədə cəmdəklərin temperatur, hava cərəyanının surəti və havanın nəmliyindən asılı olaraq fərqli soyudulma müddətləri ərzində soyudulması və ya dondurulması həyata keçirilir. Ətin soyudulması prosesi soyuducuda/soyuducu kamerada +40C dərəcəyə qədər soyudulması, dondurulması prosesi isə dərin dondurucularda -180C dərəcədə dondurulması mərhələlərindən ibarətdir. Sub məhsulların saxlanılması üçün soyuducuda /soyuducu kamerada xüsusi ayrılmış yerlər təyin edilir; 

- Yükləmə bölməsi – bu bölmədə heyvan mənşəli qida məhsulları və heyvan mənşəli əlavə məhsullar nəqliyyat vasitələrinə yüklənir.

Quş kəsim məntəqələri isə aşağıdakı bölmələrdən ibarət olmalıdır:

- Kəsimdən qabaq saxlanma bölməsi - bu bölmədə kəsimə gətirilmiş quşların saxlanması;

- Qəbul bölməsi – bu bölmədə kəsim üçün gətirilmiş quşların qəbul prosesi həyata keçirilir;

- Keyləşdirmə və qansızlaşdırma bölməsi – bu bölmədə kəsim üçün qəbul edilmiş quşların keyləşdirilməsi və kəsilərək qansızlaşdırılması həyata keçirilir. Keyləşdirmə üçün tövsiyə edilən üsul elektroşokdan istifadədir. Elektroşok avadanlıqları quşların növü və çəkisinə müvafiq olan elektrik cərəyanının gücü və gərginliyini tənzimləyən sistemlə təmin olunur. Keyləşdirmə zamanı quş ölməməli və ən qısa zaman ərzində qansızlaşdırılmalıdır; 

- Qaynar su ilə pörtlətmə və tüklərin təmizlənməsi bölməsi – bu bölmədə kəsilmiş quşlar buxar istiliyi olan konteynerə salınaraq və ya qaynar su ilə pörtlədilir və tükləri yolunur;

- İçalatın təmizlənməsi bölməsi – bu bölmədə tükdən təmizlənmiş quşların boyun dərisinin kəsilməsindən cəmdəyin son işlənmələrinə qədər olan içalatın təmizlənməsi əməliyyatları həyata keçirilir;

- Ətin doğranması və qablaşdırılması bölməsi – bu bölmədə kəsilən quş cəmdəklərinin ayrı-ayrı hissələrə bölünməsi və qablaşdırılması həyata keçirilir;

- Ətin soyudulması bölməsi - bu bölmədə cəmdəklərin temperatur, hava cərəyanının surəti və havanın nəmliyindən asılı olaraq fərqli soyudulma müddətləri ərzində soyudulması və ya dondurulması həyata keçirilir. Ətin soyudulması prosesi soyuducuda/soyuducu kamerada əvvəlcə +40C dərəcəyə qədər soyudulması, dondurulması prosesi isə dərin dondurucularda -180C dərəcədə dondurulması mərhələlərindən ibarətdir. Sub məhsulların saxlanılması üçün soyuducuda /soyuducu kamerada xüsusi ayrılmış yerlər təyin edilir;

- Yükləmə bölməsi – bu bölmədə heyvan mənşəli qida məhsulları və heyvan mənşəli əlavə məhsullar nəqliyyat vasitələrinə yüklənir.

Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, həmçinin sənəddə qeyd edilir ki, kəsim məntəqələrində “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, baytarlıq istehsalat-nəzarət bölmələri təşkil edilməlidir. Baytarlıq istehsalat-nəzarət bölmələrində dövlət baytarlıq müfəttişi tərəfindən heyvan və heyvan mənşəli qida məhsullarının normativ-texniki sənədlərə və baytarlıq normativlərinin tələblərinə uyğunluğunu yoxlanılır. Kəsim məntəqələrinin tipindən asılı olaraq, həmin məntəqələr stasionar, modul və ya səyyar (mobil tipli) baytarlıq-sanitariya ekspertizası laboratoriyası ilə təmin olunmalıdır. Bu laboratoriyalarda bu Qaydaların Əlavəsində qeyd olunan müvafiq avadanlıq və reaktivlərin olması zəruridir. Eyni zamanda stasionar və modul tipli kəsim məntəqələrində müvafiq tələblərə uyğun istilik, su, kanalizasiya, təbii və mexaniki havalandırma sistemləri, həmçinin yanğından mühafizə sistemləri quraşdırılmalıdır.