Heyvan və quş kəsimi məntəqələrinin daxilində zərərvericilərlə mübarizədə müvafiq qurğulardan istifadə olunmalıdır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq edilən “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”na əsasən, kəsim məntəqələrində texniki avadanlıq, alət və ləvazimatlar paslanmayan, korroziyaya və dezinfeksiyaedici kimyəvi maddələrə qarşı davamlı, həmçinin qida məhsulları üçün müvafiq materialdan olmalı, döşəmədən, divarlardan və bir-birindən aralı yerləşdirilməlidir.
Foodinfo.az xəbər verir ki, dezinfeksiya üçün vasitələr, yuyucu və təmizləyici məhsullar, habelə zərərvericilərlə mübarizədə istifadə olunan kimyəvi vasitələr heyvan mənşəli qida məhsulları saxlandığı bölmələrdən kənarda yerləşən ayrıca yerlərdə və ya dolablarda saxlanılmalıdır.
İş alətlərini - bıçaqları, qarmaqları və itiləyici çarxları örtüklərdə (paslanmayan polad və ya düralümindən hazırlanmış çexollarda) saxlamaq lazımdır.
Dəri örtüklərinin və bənzər materiallardan olan örtüklərin istifadəsi yolverilməzdir.
Heyvan dərisinin duzlanması üçün nəzərdə tutulan bölmələr masa, duz və duzlanmış dərilərin saxlanması üçün xüsusi qablarla təchiz olunmalıdır. Kəsim məntəqəsinin bütün bölmələri asan təmizlənən, yuyulan və dezinfeksiya edilə bilən formada dizayn edilməlidir.