Mətbəxdə vaxta qənaət etmək üçün hazır paketlərdə satılan yarma məhsullarına maraq artır. Bu cür məhsulların bişirilməsi asandır, çünki paket birbaşa qaynar suya salınır və hazır olduqdan sonra qab çirklənmədən istifadə edilə bilir. Foodinfo.az Doctorpiter saytına istinadla xəbər verir ki, plastik paketlərdə bişirilən yarmaların sağlamlıq baxımından təhlükəli olub-olmaması ilə bağlı məsələ mütəxəssislər tərəfindən dəyərləndirilib.

Mövzu ilə bağlı toksikoloq Aleksey Vodovozov bildirib ki, bu cür paketlər qida üçün nəzərdə tutulmuş xüsusi plastikdən hazırlanır və təhlükəsizlik tələblərinə cavab verir. Onun sözlərinə görə, belə paketləri 20 və hətta 40 dəqiqə qaynatmaq mümkündür, çünki material yüksək temperatura davamlıdır və qida mühitində parçalanmır. Bununla yanaşı, mütəxəssis vurğulayıb ki, plastik tullantılar ekoloji baxımdan ciddi problem yaradır, çünki onlar çox gec parçalanır və ətraf mühitə zərər verir.

Son illərdə mikroplastik mövzusu geniş müzakirə olunur və bəzi araşdırmalarda insan orqanizmində plastik hissəciklərin aşkarlanması ilə bağlı məlumatlar yayılıb. Lakin mütəxəssis qeyd edib ki, hazırda mikroplastikin insan sağlamlığına real təsirini sübut edən etibarlı elmi nəticələr yoxdur və aparılan təcrübələrin əksəriyyəti yüksək dozalarda və laborator şəraitdə həyata keçirilib. Bu səbəbdən indiki mərhələdə belə paketlərin insan sağlamlığı üçün təhlükə yaratdığına dair əsaslı dəlil mövcud deyil, lakin ekoloji baxımdan plastik istifadəsinin azaldılması məqsədəuyğun hesab olunur.