Yumurtanın düzgün saxlanma qaydası həm istehlakçılar, həm də qida mütəxəssisləri arasında tez-tez müzakirə olunur. Məhsulun faydalı xüsusiyyətlərini qorumaq üçün saxlanma şəraiti mühüm əhəmiyyət daşıyır. Foodinfo.az Doctorpiter-ə istinadla xəbər verir ki, alimlər bu mövzuda maraqlı nəticələr əldə ediblər.
Bəzi mütəxəssislər bildirirlər ki, yumurtalar soyuducuda saxlanılarkən kənar qoxuları hopdura bilər. Digərləri isə aşağı temperaturun salmonella bakteriyasının çoxalmasının qarşısını aldığını vurğulayaraq, yumurtaların soyuducuda, lakin qapı hissəsində deyil, daxili rəflərdə saxlanmasını tövsiyə edirlər.
Bu dəfə aparılan araşdırma otaq temperaturunda saxlanmanın üstünlüklərini ön plana çıxarıb. Newcastle University alimləri müxtəlif şəraitdə saxlanılan yumurtalar üzərində tədqiqat aparıblar. Yumurtalar 28 gün ərzində fərqli temperaturda saxlanıldıqdan sonra onların tərkibindəki vitamin D3 səviyyəsi yoxlanılıb.
Nəticələr göstərib ki, soyuducuda saxlanılan yumurtalarda vitamin D3 miqdarı otaq temperaturunda saxlanılanlarla müqayisədə daha az olub. Qeyd olunur ki, otaq temperaturu +20 dərəcəni keçmədikdə süfrə yumurtaları 25 günədək soyuducusuz saxlanıla bilər.
Alimlər həmçinin müxtəlif üsullarla bişirilmiş yumurtalarda vitamin D səviyyəsini də araşdırıblar. Ən aşağı göstərici yumurta gözləməsində qeydə alınıb – ilkin vitamin miqdarının 78%-i qorunub. Qaynadılmış yumurtada bu göstərici 80%, poşe yumurtada isə 93% təşkil edib.
Ən maraqlı nəticə isə omlet və qarışdırılmış yumurtada müşahidə olunub. Bu yeməklərdə vitamin D səviyyəsi 109%-ə qədər artıb. Araşdırmada mikrodalğalı sobadan istifadə edilməsinin də vitamin konsentrasiyasına mənfi təsir göstərmədiyi bildirilib.
Mütəxəssislər vurğulayırlar ki, yumurtanın həm düzgün saxlanması, həm də doğru bişirilməsi onun qida dəyərinin qorunmasında əsas rol oynayır.






