Deyirlər ki, zaman geri qayıtmır. Foodinfo.az bildirir ki, düzgün qidalanma ilə gəncliyi uzatmaq və qocalma prosesini ləngitmək mümkündür. Diyetoloqlar hesab edir ki, bəzi məhsulları rasiona daxil etməklə həm sağlamlığı qorumaq, həm də dərinin, saçların və ümumi görünüşün daha uzun müddət cavan qalmasına nail olmaq olar.
Zülal
Rasionda xüsusilə bitki mənşəli zülallara üstünlük vermək tövsiyə olunur. Zülal hüceyrə və toxumaların qurulması və bərpasında mühüm rol oynayır. O, həmçinin dərinin elastikliyini və möhkəmliyini təmin edən kollagenin əsas tərkib hissəsidir.
Pomidor
Pomidor güclü antioksidant olan likopenlə zəngindir. Likopen dərini ultrabənövşəyi şüaların zərərli təsirindən qoruyur, qan təzyiqini azaltmağa və ürək-damar xəstəliklərinin qarşısını almağa kömək edir. Bu isə daha uzun müddət sağlam və gənc qalmağa şərait yaradır.
Zeytun yağı
Xüsusilə “Extra Virgin” zeytun yağı antioksidantlarla zəngindir:
tokoferollar
beta-karotin
fenol birləşmələri
Bu maddələr iltihabı və sərbəst radikalların yaratdığı oksidləşməni azaldır, dərinin elastikliyini qoruyur.
Quru gavalı
Gündə 5-6 ədəd quru gavalı sümük toxumasının mineral sıxlığını qorumağa kömək edir. Tərkibində kalium, bor, K vitamini və fenol birləşmələri var.
Balıq
Omeqa-3 yağ turşuları ilə zəngin balıq həm keyfiyyətli zülal mənbəyidir, həm də dəridə iltihabi prosesləri azaldır. Həftədə ən azı bir porsiya balıq yemək tövsiyə olunur.
Avokado
Təkli doymamış yağlarla zəngin olan avokado sağlam dəri hüceyrələrinin formalaşmasına kömək edir. Tərkibindəki antioksidantlar dərinin vaxtından əvvəl qocalmasının qarşısını alır.
Yaşıl çay
Qocalmanı ləngidən içkilər arasında lider yaşıl çaydır. Mütləq yarpaq formasında olan çaya üstünlük verilməlidir.
Kök
Kök xüsusilə A vitamini ilə zəngindir. Bu vitamin kollagen istehsalını stimullaşdırır və dərinin, saçların, dişlərin sağlamlığı üçün vacibdir.
Badam
Badam E vitamini ilə zəngindir və güclü təbii antioksidant sayılır. Hüceyrələrin yenilənməsinə və immun sisteminin güclənməsinə kömək edir. Badamı qabıqlı şəkildə istehlak etmək daha faydalıdır.
İspanaq
İspanaq kollagenin sintezini dəstəkləyir və C vitamini ilə zəngindir. Bu isə həm immuniteti möhkəmləndirir, həm də dərinin sağlam qalmasına kömək edir.
Qaragilə
Qaragilə ürək-damar sistemini qoruyan güclü antioksidant mənbəyidir. Damarların sağlamlığı isə orqanların düzgün qidalanması və gec qocalması üçün əsas şərtdir.
Balqabaq tumu
Tərkibində olan triptofan və çoxlu doymamış yağ turşuları gəncliyin qorunmasına dəstək verir. Triptofan sağlam yuxu üçün vacibdir, keyfiyyətli yuxu isə uzunömürlülüyün əsas amillərindəndir.
Kəsmik
Kəsmik zülal, vitaminlər, fermentlər və kalsiumla zəngindir. Kalsium sümüklərin möhkəmliyini və dişlərin sağlamlığını qoruyur.
Kefir
Kefir bağırsaq mikroflorasını yaxşılaşdırır, liflə zəngin qidaların mənimsənilməsini asanlaşdırır. Sağlam həzm sistemi isə ümumi görünüşə də müsbət təsir göstərir.
Cəfəri
Antioksidantlarla zəngin olan cəfəri immuniteti gücləndirir, ödemi azaldır və orqanizmi tonusda saxlayır.
Xama
Xama kalsium və lesitinlə zəngindir. Lesitin xolesterinin damar divarlarında toplanmasının qarşısını almağa kömək edir. Bundan əlavə, xama kosmetik maska kimi də istifadə edilə bilər – dəriyə təravət və elastiklik verir.
Düzgün və balanslı qidalanma sağlam həyat tərzinin əsas hissəsidir. Bu məhsulları rasionunuza əlavə etməklə həm sağlamlığınızı qoruyar, həm də daha uzun müddət gənc qala bilərsiniz.






