Mədə ağrıları zamanı bir çox insan yulaf sıyığını xilas yolu kimi görür və onu hər səhər yeməyə başlayır. Bu qidanın mədəni “örtməsi” və ağrını sağaltması barədə geniş yayılmış fikir var. Foodinfo.az BB.LV-yə istinadla xəbər verir ki, qastroenteroloq Sergey Vyalov bu yanaşmanın elmi əsasının olmadığını bildirib.
Həkimin sözlərinə görə, yulaf sıyığının mədə üçün əsas üstünlüyü onun yumşaq və maye konsistensiyasıdır. Bu xüsusiyyət mədənin yükünü azaldır, lakin xəstəliyi müalicə etmir. Vyalov vurğulayıb ki, “mədəni örtmə” anlayışı ümumiyyətlə mövcud deyil və bu, sadəcə mifdir.
Mütəxəssis izah edib ki, mədənin selikli qişası qida ilə deyil, orqanizmin özünün ifraz etdiyi seliklə qorunur. Heç bir yemək mədənin divarlarına yapışmır və zədələnmiş hüceyrələri bərpa etmir. Onun sözlərinə görə, qidanın “örtməsi” kimi görünən hal sadəcə yemək qalıqlarıdır və qoruyucu təsir göstərmir.
Nəticə etibarilə, yulaf sıyığı mədə üçün faydalıdır, çünki həzmi asanlaşdırır və orqanın işini yüngülləşdirir. Lakin həkim xatırladır ki, təkcə sıyıqla mədə problemlərini aradan qaldırmaq mümkün deyil. Mədədə ciddi narahatlıqlar varsa, düzgün diaqnoz və kompleks müalicə mütləqdir.






