Şəkər sağlamlığa təsir edən əsas amillərdən biridir. Diabet isə dünyada geniş yayılmış xəstəliklərdən sayılır və bir çox insanın həyat keyfiyyətini aşağı salır. Problem ondadır ki, bəzi insanlar risk qrupunda olduqlarını belə bilmirlər.
Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, nutrisioloq İqor Botoqovskinin bloqunda qanda qlükoza səviyyəsini sürətlə artıra bilən üç gözlənilməz məhsul qeyd olunub. Diabetin profilaktikası üçün bu məhsulların rasiondan çıxarılması tövsiyə edilir.
1. Kartof
Qaynadılmış, püresi və ya digər formada olmasından asılı olmayaraq kartof qanda şəkərin yüksəlməsinə səbəb ola bilər. Xüsusilə şirin kartof daha “təhlükəsiz” hesab edilsə də, tərkibindəki karbohidrat miqdarı adi ağ kartofla demək olar ki, eynidir. Lif nisbətən az olduğuna görə qlükoza səviyyəsi tez arta bilər.
2. Meyvə şirələri
Təzə sıxılmış şirələr də daxil olmaqla meyvə şirələri lif baxımından kasaddır. Bir stəkan şirədə 40–45 qramadək karbohidrat ola bilər ki, bu da qanda şəkərin sürətlə yüksəlməsinə gətirib çıxara bilər.
3. Süd
Xüsusilə inək südü şəkər səviyyəsinə təsir göstərə bilər. Təxminən 200 ml süddə 12 qram laktoza (süd şəkəri) mövcuddur. Alternativ olaraq soya, kətan və ya badam südü seçilə bilər.
Mütəxəssislər vurğulayırlar ki, qidalanmaya diqqət yetirmək və qlükoza səviyyəsini nəzarətdə saxlamaq diabet riskinin azaldılmasında mühüm rol oynayır.






