Arıqlamaq istəyən insanlar üçün motivasiyanın qorunması və davamlılıq əsas çətinliklərdən biri hesab olunur. Mütəxəssislər bildirir ki, bu prosesdə psixoloji dəstək həlledici rol oynaya bilər. Foodinfo.az mənbəyə istinadla xəbər verir ki, psixoloq Dmitri Deulinin sözlərinə görə, çəkinin azalmasına kömək edən ən sadə və effektiv üsullardan biri həmfikirlərdən ibarət dəstək komandası tapmaqdır.

Psixoloq bildirib ki, belə bir mühitdə “geridə qalan” şəxslərə öz motivlərini daha yaxşı dərk etməkdə kömək olunur. Onun sözlərinə görə, bu, şəxsi “dəstək sistemi” kimi formalaşdırıla bilər. Onlayn qrup, ailə üzvü və ya yaxın dost insanın nailiyyətlərini mütəmadi qiymətləndirə, onu məqsədinə sadiq qalmağa təşviq edə bilər.

Dmitri Deulin vurğulayıb ki, arıqlama proqramına başlamazdan əvvəl planı sizin üçün önəmli olan biri ilə bölüşmək, müsbət rəy və tövsiyə almaq motivasiyanı artırır. Məhz əhəmiyyətli bir insana yönəlmiş məsuliyyət hissi qoyulan tapşırıqların daha vicdanla yerinə yetirilməsinə kömək edir.

Mütəxəssis əlavə edib ki, müsbət affirmsiyalar və qısa təşviqedici ifadələr də güclü motivator rolunu oynayır. Bununla yanaşı, sağlamlıq vəziyyəti və çəki göstəricilərinin mütəmadi qeydə alınması vacibdir.

Psixoloqun sözlərinə görə, qidalanma rasionunun əvvəlcədən planlaşdırılması da prosesə psixoloji rahatlıq gətirir. Bu, müsbət dəyişiklikləri daha asan izləməyə, nəticələrdən məmnun qalmağa və effekt zəiflədiyi halda proqramı və qidalanmanı vaxtında korrektə etməyə imkan verir.