Bir çox insan sağlam qidalanma və ya şəxsi seçim səbəbilə ət məhsullarını paxlalılarla əvəz etməyə üstünlük verir. Foodinfo.az Sports.kz saytına istinadla xəbər verir ki, “Radio 1”ə açıqlamasında dietoloq Andrey Bobrovski paxlalıların həqiqətən də orqanizmi keyfiyyətli zülalla təmin etdiyini bildirib. Onun sözlərinə görə, paxlalı zülalının əsas çatışmazlığı ondadır ki, bu zülal tam dəyərli sayılmır, çünki tərkibində bəzi vacib amin turşuları çatışmır.

Mütəxəssis qeyd edib ki, hər kəs üçün ətin paxlalılarla əvəz edilməsi uyğun deyil. Xüsusilə mədə-bağırsaq sistemi xəstəlikləri, böyrək problemləri və podaqradan əziyyət çəkən şəxslər bu məsələdə ehtiyatlı olmalıdırlar. Həmçinin yeniyetmələr, yaşlı insanlar, hamilə qadınlar və anemiya diaqnozu qoyulmuş pasiyentlər üçün belə dəyişikliklər risk yarada bilər.

Dietoloqun sözlərinə görə, soyuq iqlim şəraitində yaşayan, ağır fiziki əməklə məşğul olan insanlar da ət məhsullarından tam imtina edərkən sağlamlıqlarına xüsusi diqqət yetirməlidirlər. Ətin tamamilə rasiondan çıxarılması halında isə B12 vitamini və dəmir səviyyəsinə mütləq nəzarət olunması tövsiyə edilir.