Qreypfrut vitaminlər, minerallar və maddələr mübadiləsi ilə qaraciyərin fəaliyyətinə təsir edən komponentlərin unikal kombinasiyasına görə ən faydalı meyvələrdən biri hesab olunur. Bu barədə mütəxəssislər məlumat verib. Foodinfo.az Newslab.ru saytına istinadla xəbər verir ki, Rospotrebnadzorun məlumatına əsasən, qreypfrutun tərkibində A, C, D vitaminləri və B qrupu vitaminləri, eləcə də kalium, maqnezium və kalsium mövcuddur.
Qurumun açıqlamasına görə, bu meyvənin əsas dəyəri flovonoid narinqenindir. Sözügedən maddə ən yüksək konsentrasiyada qreypfrut dilimləri arasındakı acı ağ pərdələrdə toplanır. Narinqenin maddələr mübadiləsini sürətləndirir, qaraciyərin yağları daha effektiv parçalanmasına kömək edir, xolesterinin səviyyəsini azaldır və iştahanı zəiflədir. Bu xüsusiyyətlərinə görə qreypfrut tez-tez çəki azaltmaq istəyən insanlara tövsiyə olunur.
Bundan əlavə, meyvənin tərkibində olan efir yağları baş ağrılarını azalda, əsəb gərginliyini yüngülləşdirə və zəif tonuslandırıcı təsir göstərə bilər.
Eyni zamanda mütəxəssislər xəbərdarlıq edirlər ki, qreypfrut hər kəs üçün uyğun deyil. Onun allergiyası olan şəxslərə, mədə və onikibarmaq bağırsaq xorasından, turşuluğu yüksək qastritdən, pankreatitdən, pielonefritdən, sistitdən və hepatitdən əziyyət çəkənlərə istifadəsi tövsiyə edilmir.






