Qida və içkilərin qəbulunda ölçüyə riayət etmək sağlamlığın əsas şərtlərindən biridir və bu, çaya da aiddir.
Çay yüngül şəkildə canlandırıcı təsirə malikdir, müxtəlif növləri isə orqanizm üçün fərqli faydalar təqdim edir və bu səbəbdən gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib.
Foodinfo.az 1001sovet saytına istinadla xəbər verir ki, dietoloq Svetlana Fus çayın tərkibində olan kofeinin aşılayıcı maddələrlə birləşdiyini və bu səbəbdən onun təsirinin qəhvə ilə müqayisədə daha yumşaq olduğunu bildirib.
Mütəxəssis eyni zamanda qeyd edib ki, çayı tam təhlükəsiz içki hesab etmək olmaz, çünki onun tərkibindəki maddələr dəmirin mənimsənilməsini azalda və sidik ifrazını artıra bilər.
Pediatr Yevgeni Komarovski də çayın tərkibindəki kofeinin orqanizmə mənfi təsir göstərə biləcəyini, xüsusilə də mədədə dəmirin sorulmasına mane olduğunu vurğulayıb.

Bu səbəbdən çayın normadan artıq içilməsi tövsiyə edilmir. Dietoloqların fikrincə, əgər gündəlik qida rasionunda qəhvə yoxdursa, gün ərzində maksimum üç fincan çay təhlükəsiz sayılır. Çayı yeməkdən dərhal sonra deyil, ən azı 20 dəqiqə sonra içmək daha məqsədəuyğundur.

Məlumata görə, 200 millilitrlik bir fincan qara çayda təxminən 60 milliqram, yaşıl çayda isə 50 milliqrama qədər kofein ola bilər. Gün ərzində insan üçün təhlükəsiz kofein miqdarı 400 milliqram hesab olunur, ölümcül doza isə təxminən 10 qramdır. Bu isə nəzəri olaraq bir gündə 160-dan çox fincan çay içilməsi deməkdir.

Həddindən artıq çay içilməsinin ən çox rast gəlinən fəsadı yuxusuzluqdur. Axşam saatlarında içilən qara və ya yaşıl çay yuxuya getməyi çətinləşdirə bilər. Mütəxəssislər bu halda bitki çaylarına üstünlük verməyi məsləhət görürlər.

Çayı daim yeməklə birlikdə içmək isə zamanla dəmir çatışmazlığına səbəb ola bilər. Araşdırmalar göstərir ki, bu hal saçların və dərinin vəziyyətinə mənfi təsir edir, halsızlıq və qanazlığı yarada bilər.

Bitki çaylarının da normadan artıq qəbulu risklidir. Mütəxəssislər bildirirlər ki, bəzi bitkilərin tərkibində olan maddələr uzunmüddətli istifadədə qaraciyərə zərər verə və xüsusilə uşaqlar üçün təhlükə yarada bilər. Aşağı hemoqlobin səviyyəsi olan şəxslərə bu cür çayları ehtiyatla içmək tövsiyə olunur.

Alimlərin fikrincə, qara və yaşıl çayın həddindən artıq qəbulu orqanizmdən dəmir, kalsium və maqneziumun yuyulmasına səbəb ola bilər. Bundan əlavə, keyfiyyətsiz qara çay dişlərdə çöküntü yarada və onların görünüşünü pisləşdirə bilər.

Mütəxəssislər vurğulayırlar ki, çay sağlam həyat tərzinin bir hissəsi ola bilər, lakin onun faydasından yararlanmaq üçün əsas şərt ölçülü və düzgün istifadəsidir.