İmmunitet sisteminin möhkəmləndirilməsi üçün bahalı məhsullara ehtiyac yoxdur. Foodinfo.az Sports.kz-yə istinadla xəbər verir ki, həkim Andrey Tyajelnikov kələm turşusunun orqanizm üçün xüsusilə faydalı və əlçatan qida olduğunu bildirib. Mütəxəssisin sözlərinə görə, bu məhsul həm immun müdafiəni gücləndirir, həm də həzm prosesinə müsbət təsir göstərir.

Həkim qeyd edib ki, kələm turşusu xüsusilə qış aylarında ən çox istifadə olunan təbii “canlı bakteriya” mənbələrindən biridir. Mayalanma zamanı yaranan faydalı bakteriyalar bağırsaq mikroflorasını dəstəkləyir və qidanın daha rahat həzm olunmasına kömək edir. Bu prosesdə kələmin tərkibində bol olan lif də mühüm rol oynayır.

Mütəxəssis vurğulayıb ki, kələm turşusu C vitamini ilə zəngindir və bu vitamin immun sisteminin normal fəaliyyətində əsas yer tutur. Bundan əlavə, məhsulun tərkibində B və K vitaminləri, eləcə də kalium, maqnezium və dəmir kimi minerallar mövcuddur. Bu maddələr ümumi sağlamlığın qorunmasına və orqanizmin möhkəmlənməsinə töhfə verir.

Andrey Tyajelnikovun sözlərinə görə, kələm turşusunun daha bir üstünlüyü onun az kalorili olmasıdır. Belə ki, 100 qram məhsul cəmi 20 kilokalori təşkil edir. Bu da onu çəkisinə nəzarət edən insanlar üçün uyğun qida seçiminə çevirir.

Mütəxəssislər bildirirlər ki, gündəlik rasiona ölçülü şəkildə kələm turşusu əlavə etmək həm immunitetin möhkəmlənməsinə, həm də həzm sisteminin sağlam qalmasına kömək edə bilər.