Süd, qatıq və pendir sümüklərin möhkəmlənməsi üçün yeganə vasitə deyil, rasiona əlavə edilə bilən bir çox faydalı alternativ mövcuddur.
Xüsusilə yaş artdıqca qidalanmaya diqqət yetirmək daha vacib olur, çünki orqanizmdə baş verən dəyişikliklər sümüklərin tərkibindəki kalsium və digər mineralların azalmasına səbəb ola bilər.
Foodinfo.az Doctorpiter saytına istinadla xəbər verir ki, sümüklərin sıxlığının azalması sınıq riskini artırır və xüsusilə bud sümüyünün sınığı ağır fəsadlarla nəticələnə bilər.

Məlumata görə, 50 yaşdan sonra qadınların təxminən 34 faizi, kişilərin isə 27 faizi sümüklərin kövrəkləşməsi problemi ilə üzləşir. Həkimlər bildirirlər ki, bu riskin qarşısını almaq üçün tədbirlər yalnız yaşlı dövrdə deyil, mümkün qədər erkən yaşlardan görülməlidir. Fiziki fəallıqla yanaşı, balanslı və zəngin qidalanma da əsas şərtlərdən biridir.

Mütəxəssislər vurğulayırlar ki, süd məhsullarını sevməyən və ya qəbul edə bilməyən şəxslər də sümüklərin sağlamlığını qoruya bilərlər. Bunun üçün düzgün alternativ qidaları seçmək kifayətdir.

Somon balığı zülal, D vitamini və faydalı yağlarla zəngindir. Bu maddələr kalsiumun sümüklərə çatdırılmasına və sümük toxumasının möhkəmlənməsinə kömək edir. 100–120 qram somon balığı gündəlik D vitamini ehtiyacının böyük hissəsini qarşılayır.

Kələm və yaşıl yarpaqlı tərəvəzlər kalsium və K vitamini ilə zəngindir. Bu tərəvəzlər sümüklərin formalaşmasında mühüm rol oynayır və onların möhkəmliyini artırır.

Paxlalılar, xüsusilə ağ və qara lobya, bitki mənşəli kalsium, maqnezium və kalium mənbəyidir. Bu minerallar kalsiumun mənimsənilməsini yaxşılaşdırır və sümük mübadiləsini dəstəkləyir.

Bolqar bibəri C vitamini baxımından olduqca zəngindir. Bu vitamin sümük hüceyrələrinin yaranmasına kömək edir və sümükləri zədələnmədən qoruyur.

Tofu və soya məhsulları zülal və bitki mənşəli hormonlarla zəngindir. Araşdırmalar göstərir ki, bu məhsulların müntəzəm qəbulu sınıq riskinin azalmasına müsbət təsir göstərir.

Yumurta sümüklər üçün vacib olan D və K vitaminlərini ehtiva edir. Xüsusilə yumurta sarısı kalsiumun sümüklərə daşınmasında mühüm rol oynayır.

Balqabaq tumu maqnezium, sink və fosforla zəngin olub sümüklərin möhkəmlənməsinə kömək edir. Onu salatlara əlavə etmək və ya ara yemək kimi istifadə etmək mümkündür.

Mütəxəssislər bildirirlər ki, düzgün seçilmiş qidalarla sümüklərin sağlamlığını qorumaq və yaş artdıqca yaranan riskləri minimuma endirmək mümkündür.