Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsi, 8-ci km ərazisində fəaliyyət göstərən, “Kəngərli” firmasına məxsus bazarda Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Bu barədə Foodinfo.az-a Agentlikdən məlumat verilib.

Bazar daxilində müvafiq təmizlik işləri aparılmır, bəzi piştaxtalar arxasında antisanitar vəziyyət mövcuddur, satışa çıxarılan balıqların bir qismi soyuducuda saxlanılmır.

Bazarda fəaliyyət göstərən unlu qənnadı məmulatlarının emalı obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi məlum olub. Obyektdə dondurucularda baytarlıq ekspertiza sənədləri olmayan ümumi çəkisi 30 kq hind quşu və hissələri aşkarlanıb. Həmçinin texnoloji ardıcıllıq prinsipinə riayət edilmir, havalandırma sistemi qurulmayıb, istifadə olunan avadanlıqlar mütəmadi təmizlənmir və digər tələblər pozulub.

Faktla bağlı sahibkarlıq subyekti barəsində inzibati protokol tərtib olunub, unlu qənnadı məmulatların emalı sahəsində nöqsanlar aradan qaldırılanadək istehsal dayandırılıb, baytarlıq ekspertiza sənədləri olmayan məhsullar dövriyyədən çıxarılıb.