Qidalanma vərdişləri yuxu keyfiyyətinə birbaşa təsir göstərir. Gün ərzində qəbul edilən qidalar həm yuxuya getmə müddətinə, həm də gecə boyu rahat yatmağa təsir edən amillər arasında göstərilir.

Foodinfo.az xəbər verir ki, xüsusilə gec saatlarda ağır və yağlı yeməklərin istehlakı həzm sistemini yükləyərək yuxu keyfiyyətini azaldır. Həddindən artıq şəkərli qidalar və kofeinli içkilər də yuxu rejiminin pozulmasına səbəb olur.

Mütəxəssislər qeyd edirlər ki, maqnezium, triptofan və melatonin tərkibli qidalar daha rahat yuxuya kömək edir. Banan, süd, qatıq, yulaf, qoz və badam bu baxımdan faydalı məhsullar arasında göstərilir.

Bundan əlavə, nizamsız yemək saatlarının da bioloji ritmə təsir etdiyi bildirilir. Xüsusilə gecə saatlarında çox yemək orqanizmin istirahət rejiminə keçməsini çətinləşdirə bilər.

Kifayət qədər su qəbulu da vacib hesab olunur. Lakin həkimlər yatmazdan əvvəl həddindən artıq maye qəbulunun gecə tez-tez oyanmağa səbəb ola biləcəyini vurğulayırlar.

Həkimlər bildirirlər ki, keyfiyyətli yuxu üçün yalnız düzgün qidalanma kifayət deyil. Nizamlı yuxu saatları, fiziki aktivlik, stressin azaldılması və ekran vaxtının məhdudlaşdırılması da vacib rol oynayır.