Qidalanma yalnız fiziki sağlamlığa deyil, ruh halına da təsir göstərə bilər. Son araşdırmalarda bəzi qidalanma vərdişlərinin stress, yorğunluq və depressiv əlamətlərlə əlaqəli ola biləcəyi qeyd olunur.

Foodinfo.az xəbər verir ki, çox şəkərli və işlənmiş qidaların tez-tez istehlakı qan şəkərində ani dəyişikliklər yaradır. Bu vəziyyət enerji azalması, əsəbilik və əhval dəyişiklikləri ilə nəticələnir.

Fast-food məhsulları, qazlı içkilər və yüksək yağ tərkibli hazır qidaların da orqanizmdə iltihab proseslərini artıraraq psixoloji vəziyyətə mənfi təsir göstərə biləcəyi bildirilir. Araşdırmalar bəzi hallarda balanssız qidalanma ilə depressiv simptomlar arasında əlaqə olduğunu göstərir.

Omeqa-3, B qrupu vitaminləri, maqnezium və digər faydalı maddələrin beyin fəaliyyəti üçün vacib olduğu vurğulanır. Balıq, qoz, tərəvəz, meyvə və tam taxıllı məhsulların daha balanslı ruh halına dəstək ola biləcəyi qeyd edilir.

Bununla yanaşı, həkimlər bildirirlər ki, depressiya ciddi sağlamlıq vəziyyətidir və yalnız qidalanma ilə izah edilə bilməz. Yuxu rejimi, stress, həyat tərzi və psixoloji faktorlar da mühüm rol oynayır.

Davamlı halsızlıq, ümidsizlik və uzunmüddətli əhval problemləri yaşayan şəxslərin mütəxəssis dəstəyi almasının vacibliyini vurğulanır.