Özbəkistanda qida təhlükəsizliyi sahəsində yaradılacaq yeni dövlət qurumunda Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təcrübəsi geniş istifadə olunacaq. Bu məqsədlə fevralın 9-da AQTA nümayəndə heyətinin Özbəkistan Respublikasına işgüzar səfəri başlayıb.
Bu barədə Foodinfo.az-a AQTA-dan məlumat verilib.
Səfərin ilk günü görüşdə ölkəmizdə qida təhlükəsizliyi sahəsində vahid idarəetmə sistemi, qida təhlükəsizliyinə risk əsaslı yanaşma metodları, hüquqi bazasının yaradılması, böhran vəziyyətlərində idarəetmə mexanizmlərinin formalaşdırılması və sürətli xəbərdarlıq sistemlərinin əhəmiyyəti, yoxlama-nəzarət tədbirləri, idxal-ixrac prosedurları və digər məsələlər müzakirə olunub.
Qeyd edilib ki, Azərbaycanda tətbiq olunan dövlət idarəetmə modelləri yüksək qiymətləndirilir. O cümlədən qida təhlükəsizliyi sahəsində Azərbaycanın əldə etdiyi təcrübəyə böyük maraq göstərilir.
Azərbaycan nümayəndə heyətinin Özbəkistanda digər görüşlərinin və təqdimatlarının keçirilməsi planlaşdırılır.






