Yeməyi tələsik qəbul etmək təkcə həzm sisteminə deyil, ümumi sağlamlığa da mənfi təsir göstərə bilər. Mütəxəssislər hesab edir ki, sürətli qidalanma piylənmənin əsas səbəblərindən biridir.
Foodinfo.az “Medical News Today” portalına istinadla xəbər verir ki, endokrinoloq Laura Simmons yeməyin çox sürətli yeyilməsinin beyinə toxluq siqnalının gec çatmasına səbəb olduğunu bildirib.
Onun sözlərinə görə, insan orqanizmi toxluq hissini təxminən 20 dəqiqə sonra hiss etməyə başlayır. Bu müddət ərzində sürətlə qidalanan şəxslər ehtiyacdan daha artıq kalori qəbul etmiş olur.
Mütəxəssis vurğulayıb ki, sürətli yemək insulin müqaviməti və metabolik sindrom riskini də artırır. Bundan başqa, qidanın kifayət qədər çeynənməməsi mədə və bağırsaqlarda əlavə yük yaradır.
Həkim yeməklərin sakit şəraitdə və tələsmədən qəbul edilməsini, hər tikənin yaxşı çeynənməsini tövsiyə edib. Araşdırmalar göstərir ki, yavaş qidalanan insanlar daha az kalori qəbul edir və uzun müddət tox qalırlar.






