Qarın nahiyəsində yaranan bəzi ağrılar ciddi sağlamlıq probleminin xəbərçisi ola bilər. Xüsusilə göbəyin sağ tərəfində hiss olunan kəskin ağrı appendisit riskindən xəbər verə bilər.
Foodinfo.az xəbər verir ki, cərrah Sergey Tarabarin appendisitin necə tanınması ilə bağlı vacib məqamları açıqlayıb. Onun sözlərinə görə, bədən hərarətinin yüksəlməsi ilə müşayiət olunan sağtərəfli qarın ağrısına diqqətlə yanaşmaq lazımdır.
Həkim bildirib ki, appendiks adətən qarının sağ aşağı hissəsində yerləşsə də, bəzi hallarda fərqli mövqedə ola bilər. Bu isə xəstəliyin vaxtında diaqnozunu çətinləşdirir. Məhz buna görə də appendisit bəzən “qarın boşluğunun buqələmunu” adlandırılır.
Mütəxəssis qeyd edib ki, appendisit əlamətləri bir sıra digər xəstəliklərlə qarışdırıla bilər. Bunlara böyrək və ya öd sancısı, qadınlarda yumurtalıq iltihabı, pielonefrit, qastritin kəskinləşməsi və bağırsaq infeksiyaları daxildir.
Həkim qarında güclü və davamlı ağrı hiss edildikdə özbaşına müalicəyə başlamamağı, vaxt itirmədən tibbi yardıma müraciət etməyi tövsiyə edib.






