Qaraciyərin əsas düşməni kimi adətən alkoqol göstərilsə də, gündəlik rasionda yer alan bir sıra digər məhsullar da bu orqana ciddi zərər vura bilər. Foodinfo.az jenskiymir-ə istinadla xəbər verir ki, həkimlər qaraciyər üçün risk yaradan 13 əsas məhsulu sadalayıblar. Mütəxəssislərin fikrincə, xüsusilə fruktoza ilə zəngin qidalar qaraciyərin piylənməsinə səbəb ola bilər. Meyvələr faydalı sayılsa da, həddindən artıq qəbul edildikdə tərkibindəki fruktoza qaraciyərdə yağ turşularına çevrilərək piylənmə riskini artırır.
Şəkər isə qaraciyər üçün ən təhlükəli məhsullardan biri hesab olunur. Həkimlər bildirirlər ki, tərkibində fruktoza olan şəkər əvəzediciləri də eyni dərəcədə zərərlidir. Ağ undan hazırlanan çörək yüksək qlisemik indeksə malikdir və qanda şəkərin sürətlə artmasına səbəb olur. Bu isə insulin səviyyəsinin yüksəlməsinə, nəticədə qaraciyərdə yağ toplanmasına gətirib çıxara bilər.
Duzun həddindən artıq qəbulu da qaraciyərə mənfi təsir göstərir. Ümumdünya Səhiyyə Təşkilatı gündə maksimum 5 qram duz qəbulunu tövsiyə edir. Kolbasa, sosis, hisə verilmiş məhsullar, pendir və konservlərdə gizli duz miqdarı yüksək olur və bu, fibroz riskini artıra bilər. Yağlı qidalar, xüsusilə qızardılmış formada qəbul edildikdə, qaraciyərə əlavə yük yaradır.
Diyetoloqlar bildirirlər ki, yeməklərin qaynadılmış, sobada bişirilmiş və ya buxarda hazırlanmış forması daha sağlam seçimdir. Qaraciyərin bərpasını dəstəkləmək üçün rasionda tərəvəz, göyərti, giləmeyvə, balıq, yağsız ət və süd məhsulları, paxlalılar və bitki yağları yer almalıdır. Həftədə 1–2 dəfə qırmızı ət, 2–3 dəfə isə balıq istehlakı tövsiyə olunur. Həkimlər əlavə edirlər ki, şəkərli, duzlu və çox yağlı qidalardan uzaq durmaq, qazlı içkiləri azaltmaq və alkoqol qəbulunu minimuma endirmək qaraciyərin sağlam qalmasına kömək edir.






