Qəhvəyə şəkər əlavə etməyin sağlamlığa təsiri ilə bağlı maraqlı araşdırma aparılıb. Yeni elmi nəticələr göstərir ki, müəyyən miqdarda şəkər əlavə edilmiş qəhvə gözlənilmədən uzunömürlülüklə əlaqəli ola bilər. Tədqiqat qəhvə həvəskarları arasında böyük maraq doğurub.
Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, Çinin Quanqcou şəhərində yerləşən Cənub Tibb Universitetinin alimləri qəhvəyə əlavə olunan şəkərin insan ömrünə təsirini araşdırıblar. Mütəxəssislər Böyük Britaniyanın geniş tibbi məlumat bazası olan UK Biobank-da qeydiyyatdan keçmiş 171 mindən çox insanın sağlamlıq göstəricilərini təhlil ediblər. Araşdırma iştirakçılarının qəhvə istehlakı vərdişləri yeddi il ərzində izlənilib. Nəticələr göstərib ki, şəkərsiz qəhvə içən insanlarda ölüm riski qəhvə içməyənlərlə müqayisədə 16-21 faiz daha aşağı olub. Daha maraqlı nəticə isə şəkərli qəhvə ilə bağlı əldə edilib. Gündə bir-dörd fincan şəkərli qəhvə qəbul edən şəxslərdə erkən ölüm riski 29-31 faiz daha aşağı müəyyən olunub. Araşdırmada iştirak edən insanların əksəriyyəti hər fincan qəhvəyə orta hesabla bir çay qaşığı şəkər əlavə edib.
Tədqiqatın müəlliflərindən biri olan professor Lu Qi bildirib ki, əldə olunan nəticələr qəhvənin tərkibindəki bioloji aktiv maddələrin insan orqanizminə faydalı təsirini bir daha təsdiqləyir. Onun sözlərinə görə, şəkərin bu prosesdə hansı mexanizmlə iştirak etdiyi hələ tam aydın deyil və əlavə araşdırmalara ehtiyac var. Alim hesab edir ki, nəticələr şəkərli qəhvənin həddindən artıq istehlakına təşviq kimi qəbul edilməməlidir. Mütəxəssislər xüsusilə hazır qəhvə içkilərinə və kafe şəbəkələrində satılan şirin qəhvələrə diqqətlə yanaşmağı tövsiyə edirlər. Çünki bu məhsulların tərkibində araşdırmada nəzərdə tutulandan qat-qat artıq şəkər ola bilər. Dietoloqlar bildirirlər ki, ev şəraitində hazırlanmış və şəkər miqdarı nəzarətdə saxlanılan qəhvə daha məqsədəuyğun seçim hesab olunur. Onların fikrincə, qəhvənin faydalarını qorumaq üçün balanslı qidalanma və aktiv həyat tərzi də vacib amillərdir. Araşdırmanın nəticələri qəhvənin sağlamlığa təsiri ilə bağlı elmi müzakirələrə yeni istiqamət verib. Bununla belə, alimlər hər bir insanın fərdi sağlamlıq vəziyyətinin nəzərə alınmasının vacibliyini vurğulayırlar.






