Düşbərə bir çox ailələrin sevimli yeməklərindən biridir. Adətən bu yemək su, bulyon və ya müxtəlif ədviyyatların əlavə olunduğu mayedə bişirilir. Lakin peşəkar aşpazların istifadə etdiyi maraqlı üsullardan biri yeməyin dadını və görünüşünü əhəmiyyətli dərəcədə dəyişə bilər.

Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, aşpazlar dondurulmuş düşbərəni soğan qabığından hazırlanmış dəmləmədə bişirməyi tövsiyə edirlər. Bildirilir ki, bu üsul yeməyə daha zəngin dad, xoş ətir və iştahaçan rəng qazandırır.

Dəmləməni hazırlamaq üçün bir ovuc təmiz soğan qabığı bir litr suya əlavə edilir və qaynamağa qoyulur. Su qaynadıqdan sonra təxminən 10 dəqiqə odda saxlanılır. Daha sonra maye bir neçə dəqiqə dəmlənməyə buraxılır və süzgəcdən keçirilir.

Qida üzrə rusiyalı mütəxəssis Olga Dekker qeyd edir ki, soğan qabığında təbii rəngverici və antioksidant maddələr mövcuddur. Onun sözlərinə görə, bu maddələr bişirmə zamanı mayeyə keçərək yeməyin həm görünüşünə, həm də dad xüsusiyyətlərinə müsbət təsir göstərə bilər.

Süzülmüş dəmləmə yenidən qazana tökülür, lazımi miqdarda duz əlavə edilir və qaynadılır. Bundan sonra düşbərə qaynar mayeyə salınır və hazır olana qədər bişirilir. Nəticədə xəmir daha xoş rəng alır, yemək isə adi üsulla hazırlanmış variantdan fərqli və daha zəngin görünür.

Britaniyalı kulinariya eksperti Dan Toombs hesab edir ki, tərəvəz qalıqlarından səmərəli istifadə həm israfın qarşısını alır, həm də yeməklərə əlavə dad qatır. Onun fikrincə, soğan qabığı kimi sadə məhsulların düzgün tətbiqi ev mətbəxində maraqlı nəticələr əldə etməyə imkan verir.

Mütəxəssislər vurğulayırlar ki, soğan qabığı istifadə edilməzdən əvvəl yaxşı yuyulmalı və yalnız sağlam soğanlardan götürülməlidir. Belə olduqda həm təhlükəsizlik təmin edilir, həm də yeməyin keyfiyyəti yüksək səviyyədə qalır. Sadə görünən bu üsul düşbərə sevənlər üçün yeni kulinariya kəşfinə çevrilə bilər.