Bir çox ailələrdə yeməkdən sonra çay içmək ənənəvi vərdiş hesab olunur. Xüsusilə qara çay süfrələrin ayrılmaz hissəsinə çevrilib. Lakin mütəxəssislər bu vərdişin bəzi hallarda qida maddələrinin mənimsənilməsinə təsir göstərə biləcəyini bildirirlər.

Foodinfo.az Verywell Health saytına istinadla xəbər verir ki, qara çayın tərkibində olan taninlər dəmirin sorulmasını azalda bilər. Bu təsir xüsusilə bitki mənşəli dəmir mənbələri ilə zəngin qidalar qəbul edildikdə daha çox müşahidə olunur.

Kanadalı dietoloq Abby Langer qeyd edir ki, dəmir çatışmazlığı riski olan şəxslər yeməkdən dərhal sonra çay içmək əvəzinə ən azı bir saat gözləməlidirlər. Onun sözlərinə görə, bu yanaşma dəmirin daha yaxşı mənimsənilməsinə şərait yaradır.

Ekspertlər sağlam insanlarda bu təsirin ciddi problem yaratmadığını bildirsələr də, balanslı qidalanma üçün çayın qəbul vaxtına diqqət yetirməyi tövsiyə edirlər.