Şorba hazırlanarkən istifadə olunan ədviyyatlar yeməyin dadına və aromasına birbaşa təsir göstərir. Onların arasında dəfnə yarpağı xüsusi yer tutur. Bu sadə ədviyyat şorbalara daha zəngin ətir verir və ev yeməklərinə xas olan xüsusi dad yaradır. Lakin kulinarlar bildirirlər ki, dəfnə yarpağından düzgün istifadə etmək vacibdir.

Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, bir çox evdar xanım dəfnə yarpağını qazana əlavə etməzdən əvvəl yumağın vacibliyini nəzərdən qaçırır. Mütəxəssislər yarpağın üzərində toz və digər hissəciklərin qala biləcəyini nəzərə alaraq onun əvvəlcədən yuyulmasını tövsiyə edirlər. Bunun üçün həm axar su, həm də qaynar su istifadə oluna bilər.

Kulinariya mütəxəssislərinin sözlərinə görə, dəfnə yarpağı şorbada uzun müddət saxlanılmamalıdır. Ən optimal müddət 5-15 dəqiqə hesab edilir. Bu vaxt ərzində ədviyyat öz aromasını, dadını və faydalı komponentlərini yeməyə ötürə bilir. Daha uzun müddət qaynadıldıqda isə dadın həddindən artıq kəskinləşməsi və acılıq yaranması mümkündür.

Amerikalı kulinariya eksperti J. Kenji López-Alt qeyd edir ki, dəfnə yarpağı aromatik maddələr baxımından zəngin olduğuna görə yeməyə qısa müddətdə təsir göstərə bilir. Onun sözlərinə görə, bu ədviyyatdan normadan artıq istifadə etmək və ya onu uzun müddət bişirmək yeməyin ümumi balansını poza bilər.

Dəfnə yarpağının şorbadan çıxarılıb-çıxarılmaması ilə bağlı isə kulinariya dünyasında vahid fikir yoxdur. Bəzi aşpazlar onun süfrəyə verilməzdən əvvəl çıxarılmasını məsləhət görürlər. Bu halda yemək daha yumşaq dada malik olur və acılıq hiss olunmur. Digərləri isə dəfnə yarpağını şorbada saxlamağın daha zəngin və fərqli dad yaratdığını bildirirlər.

Mütəxəssislər hesab edirlər ki, seçim əsasən şəxsi zövqdən asılıdır. Əgər daha incə və balanslı dad istəyirsinizsə, dəfnə yarpağını süfrəyə verməzdən əvvəl çıxarmaq daha məqsədəuyğundur. Daha ətirli və bir qədər tünd dad sevənlər isə onu şorbada saxlaya bilərlər. Hər iki halda əsas şərt ədviyyatın düzgün vaxtda əlavə olunması və normada istifadə edilməsidir.