Sağlam qidalanma dedikdə insanların ağlına ilk olaraq yulaf sıyığı, bal və zəncəfil kimi məhsullar gəlir. Foodinfo.az bildirir ki, bu qidalar faydalı xüsusiyyətləri ilə seçilsə də, həddindən artıq istifadə zamanı orqanizm üçün müəyyən risklər yarada bilər. Mütəxəssislər qeyd edirlər ki, ən sağlam məhsullar belə düzgün miqdarda qəbul edilmədikdə arzuolunmaz nəticələrə səbəb ola bilər.

Yulaf sıyığı vitamin və minerallarla zəngin qidalardan hesab olunur. Tərkibində kalsium, maqnezium, kalium, sink və dəmir kimi faydalı maddələr mövcuddur. Lakin dietoloqlar bildirirlər ki, yulafın tərkibində olan fitin turşusu bəzi mineralların orqanizmdən xaric olunmasına təsir göstərə bilər. Bu səbəbdən yulaf sıyığının hər gün deyil, həftədə bir neçə dəfə qəbul olunması tövsiyə edilir. Mütəxəssislər xüsusilə hazır paket yulafların artıq çəki riskini artırdığını vurğulayırlar.

Bal da ən faydalı təbii məhsullardan biri sayılsa da, bəzi hallarda sağlamlıq problemlərinə yol aça bilər. Həkimlərin sözlərinə görə, balın həddindən artıq istifadəsi diş minasına zərər verə və kariyes riskini artıra bilər. Bundan əlavə, bal bəzi insanlarda allergik reaksiyalar yaradır və mövsümi allergiya əlamətlərini gücləndirə bilir. Tərkibindəki yüksək fruktoza miqdarı qaraciyər yağlanması, artıq çəki və yüksək təzyiq problemi olan insanlar üçün əlavə risk hesab olunur.

Zəncəfil isə xüsusilə soyuqdəymə zamanı geniş istifadə edilən məhsullardandır. O, ürəkbulanma və bəzi ağrıların azalmasına kömək etsə də, həddindən artıq istifadə zamanı boğaz və mədə selikli qişasını qıcıqlandıra bilər. Mütəxəssislər bildirirlər ki, mədə xorası, qastrit, qaraciyər və öd kisəsi problemləri olan şəxslər zəncəfildən ehtiyatla istifadə etməlidirlər. Həkimlər bütün hallarda əsas qaydanın balanslı və ölçülü qidalanma olduğunu xatırladırlar.