Son illərdə sağlam qidalanma ilə bağlı ən çox müzakirə olunan mövzulardan biri də glisemik indeks anlayışıdır. Qidaların qan şəkərinə təsir sürətini göstərən glisemik indeks həm enerji balansında, həm də çəki nəzarətində mühüm rol oynayır.
Foodinfo.az xəbər verir ki, yüksək glisemik indeksə malik qidalar qan şəkərini qısa müddətdə sürətlə yüksəldir. Bu isə tez aclıq hissi, enerji düşkünlüyü və həddindən artıq qida qəbuluna səbəb olur. Aşağı glisemik indeksli qidalar isə daha uzun müddət toxluq hissi yaratdığı üçün sağlam qidalanmada üstün seçim hesab olunur.
Paxlalılar, tam taxıllar, yaşıl tərəvəzlər və bəzi meyvələrin gündəlik qidalanmada daha çox yer alması tövsiyə edilir. Ağ çörək, şirniyyatlar, qazlı içkilər və fast-food məhsulları isə yüksək glisemik indeksə malik qidalar sırasında göstərilir.
Gilisemik indeksə diqqət etmək yalnız diabet riski olan insanlar üçün deyil, ümumi sağlamlığını qorumaq istəyən hər kəs üçün faydalıdır. Bununla yanaşı, düzgün porsiya seçimi, fiziki aktivlik və balanslı qidalanma da sağlam həyat tərzinin əsas hissəsi sayılır.






