Dietoloqlar xüsusilə səhər saatlarında kofeinin həddindən artıq qəbulunu məhdudlaşdırmağı tövsiyə edirlər. Qəhvəyə alternativ olaraq enerji verən və orqanizmi yormayan bir neçə faydalı içki mövcuddur.
Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, oyandıqdan dərhal sonra güclü qəhvə içmək və ya gündəlik kofein normasını aşmaq əsəbilik, tez yorulma və stress hormonlarının artmasına səbəb ola bilər. Mütəxəssislər qəhvəni limonlu, zəncəfilli, giləmeyvəli və ya ədviyyatlı içkilərlə əvəz etməyi məsləhət görürlər.
Qəhvədən imtina etməyin vaxtı nə zaman çatır?
Aşağıdakı əlamətlər səhər qəhvəsini daha faydalı içkilərlə əvəz etməyin vaxtının gəldiyini göstərir:
-
Həddindən artıq həyəcan, stress, halsızlıq;
-
Qəhvə içdikdən dərhal sonra mədə ağrıları;
-
Sinə və ürək nahiyəsində diskomfort.
1. Sitruslu kakao
Tərkibi:
-
Kakao tozu – 1,5 x/q
-
Süd – 200 ml
-
Qaymaq – 30 ml
-
Şəkər – zövqə görə
-
Kakao tərkibi 70%-dən yuxarı olan şokolad – 40 q
-
Portağal suyu – 3 ç/q
-
Portağal qabığı – zövqə görə
-
Darçın – zövqə görə
Hazırlanması:
Süd və qaymağı qaynayana qədər qızdırın. Kakao, şokolad və şəkər əlavə edib qarışdırın. Oddan götürüb portağal suyunu qatın. Üzərinə portağal qabığı və darçın səpin.
2. Çaytikanı çayı
Tərkibi:
-
Çaytikanı giləmeyvəsi – 200 q
-
Qara və ya yaşıl çay – 4 ç/q
-
Bal – zövqə görə
-
Su – 500 ml
Hazırlanması:
Çaytikanını əzin, çayla birlikdə dəmliyə qoyun və qaynar su əlavə edin. 5–7 dəqiqə dəmlədikdən sonra bal qatın.
3. “Qızıl” süd
Tərkibi:
-
Süd – 200 ml
-
Zərdəçal – 1 ç/q
-
Darçın – zövqə görə
-
Badam siropu – zövqə görə
Hazırlanması:
Südü zərdəçalla birlikdə zəif odda qızdırın. Stəkana töküb darçın və badam siropu əlavə edin.
4. Ardıc çayı
Tərkibi:
-
Su – 300 ml
-
Ardıc giləmeyvəsi – 70 q
-
Limon suyu – zövqə görə
Hazırlanması:
Ardıc giləmeyvəsinin üzərinə qaynar su töküb qapağını bağlayın. 40–60 dəqiqə dəmlədikdən sonra süzüb limon suyu əlavə edin.
5. “Qəhvə-süd” smuzisi
Tərkibi:
-
Banan – ½ ədəd
-
Qəhvə – 1 ç/q
-
Buz – 30 q
-
Protein tozu – 2 ç/q
-
Badam südü – 50 ml
Hazırlanması:
Qəhvəni əvvəlcədən dəmləyin. Sonra bütün inqrediyentləri blenderdə bircins kütlə alınana qədər qarışdırın.
Bu içkilər səhər saatlarında orqanizmi yumşaq şəkildə oyadır, enerji verir və gün boyu gümrahlığı qorumağa kömək edir.






