Xırtıldayan, ağızda əriyən merenqa qatı, zərif qaymaqlı krem və təzə giləmeyvə – merenqalı rulet həm restoran menyularında, həm də şirniyyat vitrinlərində tez-tez rast gəlinir. Foodinfo.az 1001sovet saytına istinadla xəbər verir ki, bu zərif deserti ev şəraitində də asanlıqla hazırlamaq mümkündür.

Hazırlanma prosesi xüsusi bacarıq tələb etmir, əsas məsələ mərhələləri düzgün və ardıcıllıqla yerinə yetirməkdir.


Lazım olan ərzaqlar:

Merenqa üçün:

  • 6 ədəd yumurta ağı

  • 250 q şəkər tozu

  • 1 xörək qaşığı (üstü silinmiş) nişasta

  • Bir çimdik limon turşusu

  • Bir çimdik duz

Krem üçün:

  • 200 q mascarpone pendiri

  • 80 ml 33%-li qaymaq

  • 40 q şəkər tozu

  • Təzə və ya dondurulmuş moruq

  • Badam ləpələri (nazik doğranmış)


Hazırlanma qaydası:

Əvvəlcə yumurta ağlarını sarısından diqqətlə ayırın. Soyudulmuş yumurta ağlarını mikserlə aşağı sürətdə çalmağa başlayın. Limon turşusunu əlavə edin və sürəti tədricən artırın.

Kütlə köpüklənib həcmi artdıqdan sonra şəkər tozunu hissə-hissə əlavə edin. Hər yeni hissəni əvvəlki tam həll olduqdan sonra qatın. Bütün şəkər əlavə edildikdən sonra təxminən 8–10 dəqiqə möhkəm piklər əmələ gələnədək çalın. Sonda nişasta əlavə edib daha 1 dəqiqə qarışdırın.

Sobanı 170°C-yə qədər qızdırın. Siniyə perqament kağızı sərib merenqa kütləsini təxminən 1,5 sm qalınlıqda bərabər yayın. Təxminən 20 dəqiqə, üzərində nazik qabıq əmələ gələnədək bişirin. Üst qat yüngül toxunuşda çatlamalı, daxili isə yumşaq qalmalıdır. Korju həddindən artıq qurudmayın, əks halda bükmək çətin olacaq. Bişmiş merenqanı soyumağa qoyun.

Bu arada kremi hazırlayın. Soyudulmuş mascarpone pendirini şəkər tozu ilə çalın. Ayrı qabda soyudulmuş qaymağı çalaraq köpükləndirin. Daha sonra hər iki qarışığı birləşdirib yenidən qısa müddət çalın.

Soyumuş merenqa qatının üzərinə nazik krem qatı çəkin, üzərinə moruqları düzün. Bir qədər kremi bəzək üçün saxlayın. Perqament kağızından istifadə edərək ehtiyatla rulet formasında bükün.

Hazır ruletin üzərini qalan kremlə və badam ləpələri ilə bəzəyin. Soyuducuda təxminən 1 saat saxladıqdan sonra süfrəyə təqdim edin.

Nuş olsun!