Qurudulmuş meyvələr sağlam qidalar sırasında yer alsa da, onların emal prosesi ilə bağlı suallar maraq doğurur. Bu məhsulların rənginin və dadının qorunması üçün bəzi hallarda kimyəvi maddələrdən istifadə olunur. Foodinfo.az BB.LV-yə istinadla xəbər verir ki, qida təhlükəsizliyi üzrə ekspert Sergey Malozemov qurudulmuş meyvələrin kükürd dioksidi (E220) ilə işlənməsinin məqsədləri və mümkün riskləri barədə danışıb.

Mütəxəssis bildirib ki, kükürd dioksidi demək olar ki, bütün qurudulmuş meyvələrin emalında istifadə olunur. Bu maddə mikrobların və kif göbələklərinin qarşısını almağa, eyni zamanda meyvələrin parlaq rəngini saxlamağa kömək edir. Onun sözlərinə görə, istehsal prosesində xüsusi kükürd şaşkaları yandırılaraq qaysı, gavalı və digər qurudulmuş meyvələrin saxlandığı konteynerlərə yerləşdirilir. Nəticədə kükürd qazı məhsulun səthində qoruyucu qat yaradır.

Sergey Malozemov qeyd edib ki, açıq və parlaq rəngə malik qurudulmuş meyvələr adətən bu cür emaldan keçmiş olur. E220 konservantı bakteriyaların çoxalmasının qarşısını alır, fermentasiya prosesini ləngidir və məhsulun raf ömrünü uzadır. Ekspertin sözlərinə görə, kükürd dioksidi hazırda icazə verilmiş qatqılardan biridir və normaya uyğun istifadə edildikdə insan sağlamlığı üçün təhlükəli hesab olunmur.

Bununla belə, mütəxəssis ehtiyat tədbiri kimi qurudulmuş meyvələri istifadədən əvvəl isti su ilə yaxşıca yumağı və ya təxminən 30 dəqiqə suda islatmağı tövsiyə edir. Bu üsul məhsulun üzərində qalan E220 miqdarını əhəmiyyətli dərəcədə azalda bilər.