Bu gün arıqlamaq üçün tətbiq olunan bəzi pəhrizlər sağlamlıq üçün ciddi risklər yaradır. Tarixə nəzər salsaq görərik ki, qədim dövrlərdə insanlar artıq çəki problemi barədə düşünmürdülər – əsas qayğıları qida tapmaq və fiziki cəhətdən sağ qalmaq idi. Zaman keçdikcə isə arıqlamaq məqsədilə bəzən olduqca təhlükəli və absurd üsullar ortaya çıxıb.

Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, tarixdə və müasir dövrdə tətbiq edilən bəzi pəhrizlər insan sağlamlığına ağır zərbələr vurub, hətta ölümlə nəticələnib.

Mütəxəssislər bildirir ki, pəhriz anlayışı ilkin olaraq müalicə məqsədi daşıyıb. Bu mövzuda hələ antik dövrdə Hippokrat yazılarında bəhs edib. Lakin məqsəd arıqlamaq yox, sağlamlığı bərpa etmək olub.

Aşağıda tarixdə və son illərdə məşhurlaşmış ən təhlükəli pəhrizlər təqdim olunur:

1. Su əvəzinə şərab pəhrizi
XI əsrdə İngiltərə kralı William the Conqueror artıq çəkidən xilas olmaq üçün yeməyi dayandıraraq yalnız şərab içib. Bu qərar onun sağlamlığını daha da pisləşdirib və faciəli sonluqla bitib.

2. Sirkə pəhrizi
XIX əsr şairi Lord Byron arıqlamaq üçün sirkə içir və qidalarını sirkədə isladırdı. Nəticədə orqanizmi ciddi şəkildə zəifləyib və o, cavan yaşda vəfat edib.

3. Qurdlarla arıqlama
Bəzi insanlar qəsdən lent qurdlarının yumurtalarını udaraq arıqlamağa çalışıblar. Bu metod ağır fəsadlara, o cümlədən daxili qanaxma və sinir sistemi pozuntularına səbəb olub. Bu üsuldan istifadə edənlər arasında məşhur opera müğənnisi Maria Callas da olub.

4. “Yağın partladılması” üsulu
XX əsrin əvvəllərində zəhərli kimyəvi maddə olan dinitrofenol arıqladıcı vasitə kimi istifadə olunub. Minlərlə insan zəhərlənib, bəziləri görmə qabiliyyətini itirib, ölüm halları qeydə alınıb.

5. Çeynə və tüpür pəhrizi
Amerikalı Horace Fletcher yeməyi udmamağı tövsiyə edirdi. Bu üsul sonradan bulimiya riskini artırdığı üçün təhlükəli hesab edilib.

6. Pambıq yemək
Bəzi modellər toxluq hissi üçün portağal suyuna batırılmış pambıq yeyiblər. Bu isə anoreksiya və ciddi psixi pozuntulara yol açıb.

7. Təkcə kələm pəhrizi
Yalnız kələmlə qidalanmaq sürətli çəki itkisi yaratsa da, başgicəllənmə, ürəkbulanma və həzm problemləri ilə nəticələnir.

8. Enerji içkiləri ilə “pəhriz”
Yeni Zelandiyada bir qadın yalnız enerji içkiləri içərək 45 kq çəki itirib, lakin ürək tutması keçirib.

9. Yataraq arıqlama
Daha çox yatmaq və az yemək prinsipinə əsaslanan bu üsul təhlükəli hesab olunur. Bu “pəhrizi” tətbiq edənlərdən biri Elvis Presley olub və nəticəsi ağır olub.

10. Uşaq qidası pəhrizi
Gündə onlarla banka uşaq qidası yemək zülal çatışmazlığına və ümumi zəifliyə səbəb olur.

Mütəxəssislər vurğulayır ki, sürətli nəticə vəd edən bu cür pəhrizlərdən uzaq durmaq lazımdır. Sağlam arıqlama yalnız balanslı qidalanma, fiziki aktivlik və həkim nəzarəti ilə mümkündür. Çəki itirmək məqsədi ilə sağlamlığı riskə atmaq isə ən böyük səhvdir.