Həkimlər bildirir ki, bir çox sağlamlıq probleminin qarşısını almaq üçün qidalanma rasionunu dəyişmək kifayətdir. Yuxusuzluqdan əziyyət çəkən insanlara isə tərkibində təbii melatonin olan məhsullara diqqət yetirmək tövsiyə olunur. Bu maddə orqanizmdə yuxu rejiminin tənzimlənməsində mühüm rol oynayır.
Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, keyfiyyətli yuxu yalnız istirahət və diqqətin artması üçün deyil, həm də maddələr mübadiləsi, immun sisteminin möhkəmlənməsi və ümumi sağlamlıq üçün vacibdir. Müntəzəm yuxusuzluq stress hormonu olan kortizolun səviyyəsini artırır, bu isə vaxtından əvvəl qocalmaya və çəki artımına səbəb ola bilər.
Yuxusuzluqla mübarizədə dərmanlar tez-tez istifadə olunsa da, mütəxəssislər bildirir ki, düzgün axşam qidalanması ilə də oxşar effekt əldə etmək mümkündür. Bunun üçün axşam menyusuna aşağıdakı məhsulların daxil edilməsi tövsiyə olunur:
Banan
Gecə qəlyanaltısını sevənlər üçün ideal seçimdir. Yatmazdan 30–40 dəqiqə əvvəl bir banan yemək tərkibindəki kalium, maqnezium və triptofan sayəsində melatoninin sintezini artırır. Nəticədə bədən rahatlaşır və yuxu daha dərin olur.
Qoz
Qoz melatoninlə yanaşı, “xoşbəxtlik hormonu” adlanan serotoninin ifrazını da stimullaşdırır. Yatmazdan təxminən bir saat əvvəl 5–6 ədəd qoz kifayətdir.
Badam
Zülal və maqneziumla zəngindir, əzələlərin rahatlamasına kömək edir. Lakin həddindən artıq yemək olmaz – kiçik bir ovuc badam kifayətdir və onu yatmazdan ən azı iki saat əvvəl qəbul etmək məsləhətdir.
Yulaf sıyığı
Əksəriyyət yulafı səhər enerjili başlamaq üçün yesə də, dietoloqlar onun axşam da faydalı olduğunu bildirir. Əsas şərt – sıyığa şəkər, mürəbbə və ya şərbət əlavə etməməkdir.
Bal
Yulaf sıyığına 1–2 çay qaşığı bal əlavə etmək olar.
Mütəxəssislərin sözlərinə görə, baldakı təbii şəkər insulin səviyyəsini azacıq artırır və bu da triptofanın beyinə daha rahat keçməsinə kömək edərək yuxunu yaxşılaşdırır.
Tulsi çayı
Hind mənşəli bu bitki çayı kofein tərkibli deyil. Əksinə, dəmir, kalium və maqneziumla zəngindir, stres azaldıcı və sakitləşdirici təsir göstərir. Adətən yatmazdan bir neçə saat əvvəl içilməsi tövsiyə olunur.
Alimlərin son araşdırmaları göstərib ki, bu cür təbii “yuxu gətirən” məhsullar təkcə yuxuya getməni asanlaşdırmır, həm də yuxunun keyfiyyətini artırır. Eksperimentlər zamanı sağlam qidalanan iştirakçıların daha tez yuxuya getdiyi və səhərlər özlərini daha gümrah hiss etdikləri müşahidə olunub. Mütəxəssislər vurğulayır ki, ağır və yağlı axşam yeməkləri beynin oksigenlə təminatını çətinləşdirir və bu da yuxu pozuntularına səbəb olur.






