Mağaza rəflərində geniş yayılmış və əlçatan qiymətə təklif olunan şampinyon göbələkləri əksər hallarda diqqətdən kənarda qalır. Halbuki mütəxəssislər bildirirlər ki, bu məhsul ürək-damar sistemi, beyin və sinir sağlamlığı üçün olduqca faydalıdır.
Foodinfo.az xəbər verir ki, BB.LV portalında dərc olunan materialda şampinyonların zəngin tərkibə malik olduğu vurğulanır. Məlumata görə, göbələklər B qrupu vitaminləri, həmçinin D və A vitaminləri ilə zəngindir. Onların tərkibində dəmir, yod, kalsium, sink və xüsusilə də fosfor yüksək miqdarda mövcuddur.
Mənbə kimi göstərilən Doctorpiter saytının məlumatına əsasən, fosfor sümük toxumasının formalaşmasında, enerji istehsalında, zülal sintezində və diş sağlamlığının qorunmasında mühüm rol oynayır.
Bundan əlavə, şampinyonlar yüksək su və qida lifi tərkibinə malikdir ki, bu da həzm sisteminin fəaliyyətini yaxşılaşdırır və orqanizmin təmizlənməsinə kömək edir. Məhsulun lipid mübadiləsini normallaşdırdığı və qanda xolesterinin səviyyəsini azaltmağa yardım etdiyi qeyd olunur. Bu isə ürək-damar xəstəlikləri riskinin azalması deməkdir.
Ekspert Denis Buxantsev bildirib ki, şampinyonların tərkibindəki kalium beyinə qan axınını artırır və koqnitiv funksiyaların yaxşılaşmasına müsbət təsir göstərir.
Mütəxəssislər həmçinin qeyd edirlər ki, şampinyonlar pəhriz saxlayan şəxslər üçün də uyğun seçimdir. Onlar aşağı kalorili olmaqla yanaşı, yüksək qida dəyərinə malikdir və uzun müddət toxluq hissi yaradır.
Tövsiyə olunan gündəlik istehlak miqdarı 150–200 qram təşkil edir.






