Somonlu pasta həm tez hazırlanan, həm də faydalı yeməklər sırasında xüsusi yer tutur. Balığın zərif dadı, təzə pomidorların aromatı və İtaliya ədviyyatlarının harmoniyası bu yeməyi ideal nahar və ya şam yeməyinə çevirir.

Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, somon və pomidorla hazırlanan pasta orqanizmi omeqa-3 yağ turşuları ilə zənginləşdirir və uzun müddət toxluq hissi yaradır.

Lazım olan ərzaqlar:

  • Makaron (spagetti və ya fettuçini) – 300 q

  • Somon filesi (təzə və ya az duzlu) – 200 q

  • Pomidor – 2 ədəd

  • Təzə reyhan – 1 kiçik dəstə

  • Sarımsaq – 2 diş

  • Zeytun yağı – 50 ml

  • Duz, qara istiot – zövqə görə

  • Parmezan pendiri (istəyə görə)

Hazırlanma qaydası:

Somon filesini xırda hissələrə doğrayın. Pomidorların üzərinə qaynar su töküb qabığını soyun və kub formasında doğrayın. Sarımsağı əzin, reyhanı isə xırda-xırda doğrayın.

Böyük qazanda suyu qaynadın, duz əlavə edin və makaronu qablaşdırmada göstərilən vaxt ərzində “al dente” vəziyyətinə qədər bişirin. Süzün, lakin sous üçün bir az suyunu saxlayın.

Dərin tavada zeytun yağını qızdırın, sarımsağı qızılı rəng alana qədər qovurun. Ardınca somon parçalarını əlavə edib 2–3 dəqiqə bişirin. Daha sonra pomidorları qatın və 5 dəqiqə birlikdə zəif odda bişirin. Duz və istiot əlavə edin.

Bişmiş makaronu tavaya əlavə edib yüngülcə qarışdırın. Sous çox qatı olarsa, makaron suyundan bir qədər əlavə edin.

Süfrəyə verərkən üzərinə təzə reyhan səpin, istəyə görə rəndələnmiş parmezan pendiri əlavə edin.