Son illər artan istilər, quraqlıqlar və daşqınlar kənd təsərrüfatına ciddi təsir göstərir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, iqlim dəyişiklikləri yaxın illərdə bir sıra məşhur məhsulların qiymətinin artmasına və hətta qıtlaşmasına səbəb ola bilər. Foodinfo.az Sports.kz-ə istinadla xəbər verir ki, qeyri-sabit hava şəraiti qlobal ərzaq istehsalını daha həssas edir və məhsuldarlığın azalmasına gətirib çıxarır.

BMT və beynəlxalq ərzaq təşkilatlarının qiymətləndirmələrinə əsasən, söhbət qidanın tamamilə yoxa çıxmasından deyil, tədarük zəncirində fasilələrdən və qiymət sıçrayışlarından gedir. Food and Agriculture Organization, Coffee Watch və Christian Aid kimi qurumlar artıq narahatedici tendensiyaları qeydə alıblar.

Məsələn, 2050-ci ilə qədər arabika qəhvəsinin yetişdirilməsi üçün yararlı torpaqların yarısı itə bilər. Braziliya və Vyetnamda quraqlıqlar artıq istehsala mənfi təsir göstərir. Gecələr sərin hava tələb edən qəhvə ağacları artan temperatur fonunda daha az məhsul verir və qəhvə gələcəkdə daha bahalı içkiyə çevrilə bilər.

Şokolad da risk altındadır. Dünya kakaosunun təxminən 70 faizi Qərbi Afrikada istehsal olunur və kakaonun isti, lakin yağışsız havaya davamlılığı zəifdir. Artıq 2024–2025-ci illərdə kakao qiymətləri tarixi maksimuma çatıb və təbii şokoladın defisit məhsula çevrilə biləcəyi bildirilir.

Üzüm və şərabçılıq sektoru da dəyişikliklə üzləşir. İsti hava giləmeyvələrin daha tez yetişməsinə səbəb olur, spirt faizi artır, lakin dad balansı pozulur. Bu səbəbdən şərab istehsalı coğrafi baxımdan daha şimal bölgələrinə doğru yönələ bilər.

Buğda istehsalında da azalma proqnozlaşdırılır. Quraqlıq və istilər məhsuldarlığı aşağı salır, dənlər xırdalaşır. Proqnozlara görə, əsrin sonuna qədər qlobal buğda istehsalı 30–40 faiz azala bilər ki, bu da un və çörək qiymətlərinə birbaşa təsir göstərəcək.

Banan plantasiyaları isə TR4 göbələk xəstəliyinin yayılması ilə üz-üzədir. İqlim dəyişikliyi bu xəstəliyin daha sürətlə yayılmasına şərait yaradır və 2080-ci ilə qədər plantasiyaların 60 faizinin yararsız hala düşə biləcəyi ehtimal olunur. Bal istehsalı da isti qışlar səbəbindən azalır, çünki arıların təbii dövrləri pozulur və tozlanma zəifləyir.

Avokado isə suya tələbatı yüksək olan məhsuldur. Çili, Meksika və İspaniyada quraqlıqlar artıq məhsuldarlığı azaldır. Temperaturun +35°C-dən yuxarı qalxması ağacların meyvəverməsini zəiflədir və tədarükün azalmasına gətirib çıxara bilər.

Mütəxəssislər vurğulayırlar ki, ərzaq məhsulları birdən-birə yox olmayacaq, lakin kənd təsərrüfatı uyğunlaşmazsa, qlobal ərzaq sabitliyi ciddi risk altına düşə bilər.