Qida subyektləri tərəfindən qida məhsulları ilə təmasda olan işçilərin icra etdikləri işə uyğun olaraq gigiyenik təlimlərə cəlb edilməsi və onlara nəzarət olunması təmin edilməlidir.
Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq olunan “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”a 2 nömrəli əlavədə (“Qida obyektlərinə dair gigiyena tələbləri”) bildirilir. Sənədə əsasən, qida məhsulları üzrə fəaliyyətin müxtəlif sahələrində işləyən şəxslər üçün mövcud qanunvericiliyin tələblərinə və qabaqcıl təcrübəyə uyğun olaraq təlim proqramları da təşkil edilməlidir.
Qeyd edək ki, “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar” qida zəncirinin bütün mərhələlərində-ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları), ictimai iaşə və xidmət sahələrində istifadəsi, utilizasiyası, məhv edilməsi əməliyyatları daxil olmaqla qida məhsullarının təhlükəsizliyinə dair gigiyena tələblərini müəyyən edir. Bu Qaydalar “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununa, Avropa Birliyinin “Qida məhsullarının gigiyenası” Reqlamentinə və Kodeks Alimentarius Komissiyasının “Qida gigiyenasına dair ümumi prinsiplər” standartına əsasən hazırlanıb.