“Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar” şəxsi istehlak üçün nəzərdə tutulan qida məhsullarının ilkin istehsalına tətbiq edilmir. Qaydalar qida məhsullarının şəxsi istehlak üçün məişət şəraitində hazırlanmasına və saxlanmasına, habelə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda müəyyən edilən miqdarda fiziki şəxslər tərəfindən və poçt göndərişləri vasitəsilə gətirilən qida məhsullarına da tətbiq olunmur.
Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq olunan “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”da bildirilir.
Sənədə əsasən, qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlər qida zəncirinin bütün mərhələlərinin bu Qaydalarla müəyyən edilən gigiyena tələblərinə uyğunluğunu təmin etməlidirlər.
Qeyd edək ki, “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar” qida zəncirinin bütün mərhələlərində-ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları), ictimai iaşə və xidmət sahələrində istifadəsi, utilizasiyası, məhv edilməsi əməliyyatları daxil olmaqla, qida məhsullarının təhlükəsizliyinə dair gigiyena tələblərini müəyyən edir. Bu Qaydalar “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununa, Avropa Birliyinin “Qida məhsullarının gigiyenası” Reqlamentinə və Kodeks Alimentarius Komissiyasının “Qida gigiyenasına dair ümumi prinsiplər” standartına əsasən hazırlanıb.