Qida məhsullarının təhlükəsizlik və istehsal gigiyenası göstəriciləri üzrə nümunələri müvafiq standartlara uyğun olaraq müayinə edilməlidir. Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq olunan “Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları”nda bildirilir. Sənəddə qeyd olunur ki, göstəricilərə uyğunluğun müəyyən edilməsi məqsədilə nümunələr istehsal sahələrindən və istehsal prosesində istifadə olunan avadanlıqların üzərindən götürülməlidir. Bu zaman nümunə götürülməsi üçün istinad metodu İSO 18593:2018 nömrəli beynəlxalq standarta uyğun olmalıdır.
Həmçinin insan sağlamlığı baxımından Listeria monocytogenes riski yarada biləcək istehlaka hazır qida istehsal edən qida subyektləri, istehsal sahələrindən və istehsalda istifadə olunan avadanlıqlardan Listeria monocytogenesə görə nümunə götürülməsini təmin edir. Quru uşaq qida məhsulları və altı aylığa qədər körpələr üçün nəzərdə tutulmuş pəhriz qidaları istehsal edən qida subyektləri Enterobacter sakazakii riskinə görə nümunəgötürmə planlarının bir hissəsi olaraq Enterobacteriaceae üçün istehsal sahələrindən və istehsalda istifadə olunan avadanlıqlardan nümunə götürülməsini təmin edir. Yeni müayinə metodlarının müvafiq metodlara uyğunluğu qida təhlükəsizliyi sahəsində səlahiyyətli orqan tərəfindən yoxlanıldıqdan və EN/İSO 16140 nömrəli standart, yaxud digər beynəlxalq səviyyədə qəbul edilmiş analoji protokollara əsasən sertifikatlaşdırılmış və qeydiyyatdan keçmiş metod olduqda istifadə edilir.