Qida obyektləri qida məhsullarının, onların inqrediyentlərinin, ərzaq xammalının, o cümlədən qablaşdırma materiallarının və kimyəvi maddələrin (məsələn, yuyucu vasitələr, sürtkü maddələri, yanacaq və s.) saxlanması üçün müvafiq tələblərə uyğun avadanlıqlarla təmin edilməlidir. Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq olunan “Qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalar”a 2 nömrəli əlavədə (“Qida obyektlərinə dair gigiyena tələbləri”) bildirlir. Sənəddə qeyd olunur ki, qida obyektləri qida məhsullarının saxlanılması üçün müvafiq qulluq və təmizləməyə imkan yaradan, parazitlərin daxil olması və çoxalmasına yol verməyən, məhsulların saxlanması zamanı effektiv müdafiəni təmin edən və qida məhsulunun xarab olmasının qarşısını alan mühiti təmin edən (məsələn, temperatur və rütubətə nəzarət) formada quraşdırılmış avadanlıqlarla təhciz edilməlidir. 

Həmçinin qida məhsulları, qablaşdırma materialları və kimyəvi maddələr hər biri ayrı-ayrı avadanlıq daxilində saxlanılmalıdır. Onlardan hər hansı birinin digəri ilə eyni avadanlığın daxilində birlikdə saxlanılması qadağandır. Saxlama avadanlığının tipi isə məhsulun xüsusiyyətləri ilə məyyən edilir. Eləcə də yuyucu vasitələrin və təhlükəli maddələrin saxlanması üçün təhlükəsiz avadanlıqların olması təmin edilməlidir.