Qida məhsullarının çirklənməsinin qarşısının alınması məqsədilə qida obyektləri, hər zaman istifadəyə hazır yetərli miqdarda axar məişət (təsərrüfat)-içməli su təminatı və tullantı suların kənarlaşdırılması (kanalizasiya-drenaj) sistemləri ilə təchiz olunmalıdır.
Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq olunan “Qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalar”a 2 nömrəli əlavədə (Qida obyektlərinə dair gigiyena tələbləri”) qeyd edilir. Sənəddə bildirilir ki, yanğına qarşı, buxar hazırlanması, soyutma və digər texniki məqsədlər üçün içməli olmayan su istifadə edildiyi hallarda, bu suyun müvafiq şəkildə müəyyən edilmiş ayrı bir sistemdə dövr etdirilməsi və içməli su sistemi ilə hər hansı əlaqəsi və ya içməli su sisteminə qarışması yolverilməzdir.
Eyni zamanda qida məhsullarının emalı prosesində və ya qida məhsulunun komponenti kimi istifadə olunan su çirklənmə riski yaratmamalıdır. Bu su yalnız qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə və içməli suyun keyfiyyət parametrlərinə uyğunluğu və son məhsulun təhlükəsizliyinə mənfi təsir etmədiyi halda istifadə edilir.
Eləcə də qida məhsulları ilə təmasda olan buz içməli sudan hazırlanmalı, həmçinin bütöv halda olan balıqçılıq məhsullarının soyudulması zamanı məişət (təsərrüfat) və ya içməli sudan hazırlanan buzdan istifadə olunmalıdır. Buz çirklənmədən qorunacaq şəkildə istehsal və emal edilməlidir. Qida məhsulları ilə birbaşa təmasda istifadə olunan buxarın tərkibində isə sağlamlıq üçün təhlükəli olan və ya qida məhsulunun çirklənməsinə səbəb ola biləcək hər hansı kənar maddələr olmamalıdır. Hermetik qablaşdırmalarda qida məhsullarının termiki (istilik) emalı həyata keçirildikdə, termiki emaldan sonra qablaşdırmaların soyudulması üçün istifadə olunan suyun qida məhsulları üçün çirklənmə mənbəyi olmaması təmin edilməlidir.
Sənədə əsasən, fəaliyyət zamanı yaranan tullantı suların kənarlaşdırılması, çirklənmə riskinin profilaktikası məqsədilə “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, qida obyektlərində istehsalat və məişət tullantı sularının axıdılması üçün kanalizasiya sistemləri qurulmalıdır. Tullantı suları kanalizasiya sisteminə axıdılmazdan əvvəl müvafiq üsulla (mexaniki, bioloji) ilkin təmizlənməlidir.