Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Foodinfo.az-ın məlumatına görə, Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyat küç., ev 29 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Rüstəmzadə Mütalib Arif oğluna məxsus unlu məmulatların istehsalı və satışı müəssisəsində aparılmış plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, istifadə edilən xammalların keyfiyyət və təhlükəsizliyini təsdiq edən sənədlərin mövcud olmadığı, texnoloji ardıcıllıq prinsipinin pozulduğu, xammalların saxlanılması üçün anbar sahəsinin təşkil edilmədiyi, istifadə edilən ət və sub məhsullarının temperatur rejimi gözlənilmədən masaların altında açıq şəkildə saxlanıldığı, sanitar qovşağın birbaşa unlu məmulatların hazırlanması sahəsinə açıldığı, işçi heyətin dövri tibbi müayinədən keçmədiyi, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı, pəncərələrin həşəratlara qarşı qoruyucu tor örtüklə təmin olunmadığı, un kisələri və tərəvəzlərin birbaşa döşəmədə divara bitişik halda saxlanıldığı, işçi masaların, divar səthlərinin asan təmizlənə və dezinfeksiya edilə bilən materialla üzlənmədiyi, çirkli suların axıdılması üçün drenajın quraşdırılmadığı, tullantı qabların ağzı açıq vəziyyətdə saxlandığı aşkar olunub. Aşkarlanmış nöqsanlarla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
AQTA əhalinin sağlam qida ilə təmin edilməsi sahəsində mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.