Şabranlı təsərrüfatçılar ötən il 20 hektar yeni üzüm bağları salıblar.
Üzümçülük Şabran rayonunda kənd təsərrüfatının ənənəvi inkişaf etmiş sahələrindən sayılır. Rayonda mövcud olan üzüm bağlarının sahəsi son on ildə 6,5 dəfə artaraq 380 hektara çatdırılıb.
Üzümçülük sahəsində məhsul istehsalında da artım müşahidə olunur. 2017-ci ildə rayonda 2 min 521 ton üzüm istehsal edilib. Bu da əvvəlki ilə nisbətən 447 ton çoxdur.
Şabran rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Fəxrəddin Osmanov bildirib ki, rayonda bu sahədə müsbət təcrübə əldə etmiş nümunəvi müəssisələr var. Rayonun Gəndov kəndində “Turaz” MMC, Ağbaş kəndində “Caspian” üzümçülük təsərrüfatı və Dəvəçi kəndi ərazisində fərdi təsərrüfatlarda yüksək texnologiyalarla müasir tələblərə uyğun yeni meyvə bağları salınıb.
Şabranda daha çox ağ və qara şanı, “Ağadayı”, “Mədrəsə”, “Təbrizi” kimi yerli üzüm sortları becərilir. Son illər salınan yeni bağlarda isə texniki üzüm sortları əkilir.
Fərdi sahibkarlara məxsus sahədə üzümün 10-dan çox sortu becərilir. İntensiv formada qulluq olunan üzümçülük təsərrüfatında şərabçılıq üçün vacib texniki üzüm sortlarına üstünlük verilib.
2018-ci ildə rayonda üzüm bağları sahəsinin 400 hektara çatdırılması nəzərdə tutulub. (AZƏRTAC)